Son dəqiqə

Fransa Böyük Britaniya İran ABŞ Emmanuel Makron Enerji təhlükəsizliyi Dəniz təhlükəsizliyi Hörmüz boğazı qlobal ticarət Gəmiçilik

Makron: Hörmüz boğazında gəmilərdən ödəniş alınmasına yol verilməməlidir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında gəmi keçidlərinə görə əlavə ödənişlərin tətbiq edilməsinin qəbuledilməz olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Makron İran və ABŞ arasında əldə olunan razılaşmadan bir neçə saat sonra televiziya kanalına verdiyi müsahibədə Fransanın bu məsələdə bütün imkanlardan istifadə edəcəyini deyib.

Fransa lideri vurğulayıb ki, Hörmüz boğazının açıq qalması və beynəlxalq gəmiçiliyin maneəsiz davam etməsi qlobal ticarət və enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Fransa və Böyük Britaniya tərəfindən hazırlanan birgə missiya lazım gəldiyi halda çox qısa müddətdə fəaliyyətə başlamağa hazırdır.

Makron bildirib ki, məqsəd boğazda sərbəst və təhlükəsiz hərəkətin təmin olunmasıdır.

Fransa Prezidenti əlavə edib ki, ölkənin aparıcı hərbi dəniz qüvvələrindən biri hesab edilən "Şarl de Qoll" təyyarədaşıyan gəmisi bölgəyə göndərilməyə hazır vəziyyətdədir.

Onun sözlərinə görə, həmin gəmi iki-üç gün ərzində əməliyyat zonasına çata bilər.

Makron beynəlxalq dəniz yollarının açıq saxlanılmasının regionda sabitliyin qorunması üçün vacib olduğunu da vurğulayıb.

Mövzuya görə xəbərlər