BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətində əsas məqsədin yeni müharibədən qaçmaq olduğu bildirilir.
TurkicWorld xəbər verir ki, Həməd bin Xəlifə Universitetinin professoru Sultan Bərakət ABŞ və İran arasında davam edən danışıqları şərh edib.
Alimin sözlərinə görə, Donald Tramp hazırkı mərhələdə İranla müharibəyə başlamaqda maraqlı görünmür və diplomatik həll variantlarını üstün tutur.
Bərakət hesab edir ki, ABŞ Prezidenti xüsusilə Dünya Kuboku kimi qlobal əhəmiyyətli tədbir ərəfəsində yeni hərbi qarşıdurmanın yaratdığı siyasi və iqtisadi risklərdən yayınmağa çalışır.
Onun fikrincə, Vaşinqtonun mövqeyi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb vəziyyətə düşüb və Ağ Ev eyni vaxtda bir neçə istiqamətdə balans yaratmağa çalışır.
Professor bildirib ki, Tramp administrasiyası İranla ən azı müvəqqəti razılaşma əldə etmək üçün təzyiq altındadır.
Bərakət İsrail faktorunun da danışıqlar prosesində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, İsrailin Livandakı hərbi əməliyyatları və bölgədəki strategiyası diplomatik prosesin gedişinə birbaşa təsir göstərir.
Ekspert qeyd edib ki, İran tərəfi daha geniş razılaşmanın əldə olunmasını Livandakı vəziyyətlə əlaqələndirir və Livanda atəşkəs məsələsini danışıqlar paketinin ayrılmaz hissəsi kimi görür.
Onun qiymətləndirməsinə görə, tərəflər arasında müəyyən təmaslar davam etsə də, yaxın vaxtlarda ciddi irəliləyiş və ya yekun razılaşma əldə olunacağı ehtimalı yüksək görünmür.
Siyasi müşahidəçilər hesab edirlər ki, ABŞ-İran danışıqlarının taleyi yalnız nüvə proqramı və sanksiyalarla deyil, həm də Livan, İsrail və ümumilikdə Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti ilə sıx bağlı olaraq qalır.







