Son dəqiqə

İran ABŞ Oman Dəniz təhlükəsizliyi Beynəlxalq nəqliyyat Hörmüz boğazı Körfəz regionu enerji marşrutları Gəmiçilik Dəniz minası

Omandan xəbərdarlıq: Hörmüz boğazında şübhəli dəniz minası aşkarlanıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazında təhlükəsizliklə bağlı yeni narahatlıq yaranıb.

TurkicWorld xəbər verir ki, Oman Dəniz Təhlükəsizliyi Mərkəzi Hörmüz boğazında şübhəli obyektin aşkar edilməsi ilə bağlı məlumat yayıb.

Qurumun açıqlamasına görə, obyekt Omanın ərazi sularında, Hörmüz boğazının sahilboyu gəmiçilik marşrutunun qərb hissəsində müşahidə olunub.

Mərkəz obyektin dəniz minasına bənzədiyini bildirərək bölgədə hərəkət edən bütün dəniz nəqliyyatı vasitələrini ehtiyatlı olmağa çağırıb.

Rəsmi müraciətdə dənizçilərə, balıqçılara və gəmi kapitanlarına şübhəli obyektlərə yaxınlaşmamaq, təhlükəli hesab edilən ərazilərdən uzaq durmaq və müşahidə etdikləri hər hansı şübhəli hal barədə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Hələlik obyektin mənşəyi, texniki xüsusiyyətləri və həqiqətən də partlayıcı qurğu olub-olmaması barədə rəsmi məlumat verilməyib. Aidiyyəti qurumların araşdırmaları davam edir.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji tədarükü üçün ən mühüm dəniz keçidlərindən biri hesab olunur. Körfəz ölkələrindən ixrac olunan böyük həcmdə neft və mayeləşdirilmiş təbii qaz məhz bu marşrut vasitəsilə beynəlxalq bazarlara çatdırılır.

Mütəxəssislərin fikrincə, boğazda təhlükəsizliklə bağlı istənilən hadisə qlobal enerji bazarlarında narahatlıq yarada və beynəlxalq gəmiçilik marşrutlarının fəaliyyətinə təsir göstərə bilər.

Mövzuya görə xəbərlər