BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı qeyri-müəyyənlik davam edir. Analitiklər hesab edirlər ki, tərəflərin dəyişən mövqeləri danışıqlar prosesini əvvəlkindən daha mürəkkəb vəziyyətə gətirib.
TurkicWorld xəbər verir ki, təhlükəsizlik və müdafiə məsələləri üzrə analitik Volfqanq Pusztai ABŞ və İran arasında razılaşma əldə olunmasının getdikcə çətinləşdiyini bildirib.
Ekspert qeyd edib ki, müharibənin 28 fevralda başlamasından sonra hər iki tərəfin mövqeyi dəyişib. Onun sözlərinə görə, prosesin ilk mərhələsində Vaşinqton daha çox razılaşmaya çalışırdı, çünki ABŞ Prezidenti Donald Tramp müharibənin qısa müddətdə başa çatmasını istəyirdi.
Pusztai bildirib ki, hazırda Tramp administrasiyasının yanaşması fərqlidir.
“Başlanğıcda ABŞ həqiqətən də razılaşmaya təzyiq edirdi, çünki Prezident Tramp müharibəni tez bitirmək istəyirdi. Amma indi görünür ki, o, başa düşüb: qarşıdan gələn aralıq seçkilər fonunda pis razılaşma etməkdənsə, ümumiyyətlə razılaşmamaq daha yaxşıdır”, – deyə analitik vurğulayıb.
Ekspertin fikrincə, İran rəhbərliyi də hazırkı şəraitdə müəyyən razılaşmanın vacibliyini anlayır. O hesab edir ki, Tehran həm daxili sabitliyi qorumaq, həm də regiondakı təsir imkanlarını saxlamaq üçün diplomatik çıxış yolu axtarmağa məcburdur.
Bununla yanaşı, Pusztai müharibənin davam etməsinin qlobal iqtisadi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, enerji və nəqliyyat xərclərinin artması xüsusilə inkişaf etməkdə olan ölkələrə ağır təsir göstərə bilər.
Analitik qeyd edib ki, böhranın uzanması və qiymətlərin yüksəlməsi milyardlarla insanın həyatına mənfi təsir edə bilər və bu təsirlər xüsusilə Afrika ölkələrində daha kəskin hiss olunacaq.







