Son dəqiqə

Fransa Afrika Fransanın Afrika siyasəti ilə bağlı sərt ittihamlar

Fransada quldarlıq ləğv ediləcək - Qara qanunun ləğvi təsdiqləndi

BAKI,VOA Orxan Qədirzadə

Fransa parlamentinin aşağı palatası “Qara qanun” kimi tanınan və XVII–XVIII əsrlərdə köləliyi tənzimləyən mübahisəli hüquqi sənədin ləğvi istiqamətində qərar qəbul edib. Tarixçilər tərəfindən “müasir dövrün ən qəddar hüquqi mətnlərindən biri” adlandırılan “Kod Nuar” adlı qanun insanları mülkiyyətə çevirərək onların alınıb-satılmasına, istismar edilməsinə, cəzalandırılmasına və öldürülməsinə hüquqi zəmin yaradırdı.

Fransa deputatları qanunun bütün 60 maddəsinin ləğvini yekdilliklə dəstəkləyiblər. Qərar ölkədə geniş ictimai rezonans doğurub.

“Qara qanun” nə idi?

Qanun 1685-ci ildə Fransa kralı XIV Lüdovik tərəfindən Versal sarayında imzalanıb. Sənəd Fransa müstəmləkələrində köləlik sistemini hüquqi çərçivəyə salmaq məqsədi daşıyırdı. Qanunun mətnində kölələr “daşınan əmlak” kimi təsvir edilirdi. Bu isə onların digər mallar kimi alınıb-satılmasına, girov qoyulmasına və miras kimi ötürülməsinə imkan verirdi. Qanunun əsas müəllifi Fransanın dövlət xadimi Jan-Batist Kolber hesab olunur. Onun heykəli hazırda Parisdə parlament meydanında yerləşir.

Qaçmağa çalışan kölələrə ağır cəzalar verilirdi

Qanunun 38-ci maddəsinə əsasən, qaçmağa cəhd edən kölələr ağır fiziki cəzalara məruz qalırdı. İlk qaçış cəhdində onların qulaqları kəsilir, çiyinlərinə damğa vurulurdu. İkinci cəhddə ayaq vətərlərinin kəsilməsi nəzərdə tutulurdu. Üçüncü qaçış cəhdi isə edamla nəticələnirdi. Digər maddələrdə isə sahibinə və ya onun ailə üzvlərinə qarşı müqavimət göstərən kölələrin ölüm cəzası ilə cəzalandırılması nəzərdə tutulurdu.

Məcburi din və hüquqsuz həyat

Qanunun 2-ci və 3-cü maddələri bütün kölələrin məcburi şəkildə katolik məzhəbinə keçirilməsini tələb edirdi. Digər dinlərin açıq şəkildə icrasına isə qadağa qoyulmuşdu. Qanuna görə, kölələrin hüquqi şəxsiyyəti tanınmırdı. Onların sahib olduqları hər şey avtomatik olaraq sahibkarın mülkiyyəti hesab edilirdi. Kölə qadından doğulan uşaqlar da avtomatik şəkildə kölə statusu alırdı. Atanın azad olması belə həmin statusu dəyişmirdi.

Fransa 1,4 milyon afrikalını kölə kimi daşıyıb

Tarixi məlumatlara görə, Fransa Atlantik okeanı üzərindən təxminən 1,4 milyon afrikalını zəncirlənmiş vəziyyətdə kölə kimi daşıyıb. Bu göstərici Fransa imperiyasını Portuqaliya və Böyük Britaniyadan sonra Avropanın ən böyük qul ticarəti aparan dövlətlərindən birinə çevirib.

Kölələrin böyük hissəsi şəkər qamışı plantasiyalarında, qəhvə və pambıq təsərrüfatlarında işlədilib.

Tarixçilərin fikrincə, iş şəraiti o qədər ağır idi ki, ölüm halları doğum sayını üstələyirdi və ölənlərin yerinə davamlı olaraq Afrikadan yeni insanlar gətirilirdi.

Haiti dünyanın ən zəngin kölə koloniyalarından biri olub

Hazırda Haiti kimi tanınan San-Domenq koloniyası XVIII əsrin sonunda təxminən 500 min köləyə malik idi.

Region dünya şəkər və qəhvə istehsalının böyük hissəsini təmin etdiyi üçün həmin dövrdə “dünyanın ən zəngin koloniyası” hesab edilirdi.

Qanun əvvəlcə Karib hövzəsindəki Martinika, Qvadelupa və San-Domenqdə tətbiq olunub. Daha sonra isə Fransa Qvianası, Luiziana, Reyunyon və Mavrikiyə qədər genişləndirilib.

Köləlik rəsmən ləğv edilsə də, qanun qüvvədə qalmışdı

Fransa 1794-cü ildə inqilab dövründə köləliyi ləğv etdiyini elan etsə də, bu qərar bütün müstəmləkələrdə tam tətbiq edilməyib.

Rəsmi olaraq köləlik 1848-ci ildə ləğv edilsə də, “Qara qanun” hüquqi baxımdan tam şəkildə aradan qaldırılmamışdı və uzun illər formal olaraq qüvvədə qalmışdı.

Hazırda Fransa administrasiyasına daxil olan dənizaşırı ərazilərdə – Qvadelupa, Martinika, Fransa Qvianası və Reyunyonda yaşayan əhalinin böyük hissəsi keçmiş kölələrin nəslindən ibarətdir.

Buna baxmayaraq, həmin bölgələr Fransa ərazisinin ən kasıb hissələri hesab olunur. İşsizlik səviyyəsinin ölkə ortalamasından xeyli yüksək olduğu bildirilir.

Qanunun ləğvi təşəbbüsü kölə nəslindən olan deputatdan gəlib

Qanunun ləğvi təşəbbüsünü Qvadelupadan olan deputat Maks Matesian irəli sürüb. O bildirib ki, özü kölə nəslindən gəlir və qanunun tam mətnini uzun müddət oxuya bilməyib.

“Bu qanun insanlar tərəfindən insanlara qarşı hazırlanmışdı. Bugünkü səsvermə əcdadlarımızın və insanlığımızın geri qaytarılması deməkdir”, – deyə deputat vurğulayıb.

Fransa parlamentində keçirilən müzakirələr əsasən ölkənin köləlik və müstəmləkəçilik keçmişi, irqi ayrı-seçkilik və dənizaşırı ərazilərdə davam edən sosial bərabərsizliklər üzərində cəmləşib.

Bununla yanaşı, qanun layihəsində keçmiş kölələrin nəslinə kompensasiya ödənilməsi məsələsi yer almayıb. Deputatlar xatırladıblar ki, köləlik ləğv ediləndən sonra Fransa dövləti təzminatı keçmiş kölələrə deyil, kölə sahiblərinə ödəyib.

Mövzuya görə xəbərlər