BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı İranı Hörmüz boğazı ətrafında həyata keçirilən pilotsuz uçuş aparatları fəaliyyəti və Küveyt istiqamətində raket buraxılışı ilə bağlı sərt şəkildə ittiham edib.
TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda İran qüvvələrinin bu gün səhər saatlarında Hörmüz boğazı və ətrafında “təhlükə yaradan beş kamikadze pilotsuz uçuş aparatını” havaya qaldırdığı bildirilib.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri həmin pilotsuz aparatları “uğurla zərərsizləşdirib”. Bəyanatda əlavə olunub ki, İranın Bəndər-Abbas şəhərində yerləşən hərbi obyektindən altıncı dronun buraxılmasının da qarşısı alınıb.
Açıqlamada həmçinin İranın Küveyt istiqamətində ballistik raket buraxdığı iddia edilib. ABŞ tərəfinin məlumatına əsasən, raket Küveyt qüvvələri tərəfindən havada tutulub.
Vaşinqton bu hadisəni “kobud atəşkəs pozuntusu” kimi qiymətləndirib və regionda təhlükəsizliyin ciddi şəkildə təhdid olunduğunu vurğulayıb.
Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi geniş açıqlama verməyib. Bununla yanaşı, İranın Tasnim xəbər agentliyi ABŞ qüvvələrinin İranın cənubundakı hərbi obyektlərdən birinə zərbə endirdiyini bildirib.
Son hadisələr Hörmüz boğazı ətrafında gərginliyin daha da artdığı bir dövrə təsadüf edir. Ekspertlər bölgədə qarşılıqlı hücumların genişmiqyaslı regional qarşıdurma riskini artırdığı barədə xəbərdarlıq edirlər.







