BAKI,TurkicWorld, Orxan Qədirzadə
Suriyada 2013-cü ildə baş vermiş Tadamun qətliamının əsas fiqurlarından biri hesab edilən Əmcəd Yusif təhlükəsizlik əməliyyatı nəticəsində saxlanılıb.
TurkicWorld SANA agentliyinə istinadən xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, əməliyyat Hama vilayətinin Əl-Qab ovalığında həyata keçirilib. Bildirilir ki, saxlanılma əməliyyatından əvvəl bir neçə gün davam edən izləmə və operativ nəzarət tədbirləri görülüb.
Nazirlik vurğulayıb ki, Tadamun qətliamında iştirak etmiş digər şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, 2013-cü ildə Dəməşqin Tadamun məhəlləsində baş vermiş hadisələr zamanı onlarla mülki şəxs qətlə yetirilib. Əvvəlki araşdırmalar zamanı bəzi şübhəlilər saxlanılmış və 500-dən çox mülki şəxsin öldürüldüyü digər qətliamları etiraf etmişdilər.
Aprel 2022-ci ildə britaniyalı “The Guardian” nəşri tərəfindən yayımlanan araşdırmada 16 aprel 2013-cü il tarixli görüntülər təqdim olunmuşdu. Həmin görüntülərdə hərbi geyimli şəxslərin gözləri və əlləri bağlanmış insanları qaçmağa məcbur etdiyi, daha sonra onlara atəş açıldığı və qurbanların cəsədlərlə dolu çuxura düşdüyü əks olunmuşdu. Məlumata görə, ən azı 41 nəfər bu şəkildə qətlə yetirilib və cəsədlər sonradan yandırılıb.
Tadamun məhəlləsinin yerli nümayəndəsi Əhməd Adra bildirib ki, sənədləşdirilmiş məlumatlara əsasən, qətliam nəticəsində azı 288 nəfər həyatını itirib. Onun sözlərinə görə, bölgədə aşkar olunan kütləvi məzarlıqlar hadisənin daha geniş miqyasda olduğunu göstərir.
