BAKI,TurkicWorld, Nailə Babazadə
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın müharibə əleyhinə mövqeyinə görə Papa XIV Leonu tənqid etməsini və özünü Həzrəti İsa şəklində təsvir etməsini kəskin pisləyib.
TurkicWorld xəbər verir ki, Pezeşkian sosial şəbəkə hesabından etdiyi paylaşımda Papanı etiketləyərək bildirib ki, böyük İran milləti adına bu təhqiri qınayır və sülh peyğəmbəri olan İsanın müqəddəsliyinə hörmətsizlik azad insanlar üçün qəbulolunmazdır.
Qeyd edək ki, son günlər Tramp ilə Papa arasındakı münasibətlər gərginləşib. Papa XIV Leonun "güc nümayişinə və müharibəyə son" çağırışlarından sonra Tramp Papanı xarici siyasətdə zəif olmaqda ittiham edib. Tramp həmçinin İranın nüvə silahına sahib olmasını problem hesab etməyən bir Papa istəmədiyini vurğulayıb. Özünü Həzrəti İsa kimi təsvir edən bir şəkil paylaşan Trampın bu addımı dini müqəddəslərə hörmətsizlik kimi qiymətləndirilib. Papa XIV Leo isə cavabında Tramp rəhbərliyindən qorxmadığını və siyasətçi olmadığı üçün müharibəyə qarşı ucadan danışmağa davam edəcəyini bildirib.






