BAKI, TurkicWorld, Orxan Qədirzadə
Hindistanda dünyanın ən böyük milli əhali siyahıyaalınması prosesi başlayıb.
TurkicWorld xəbər verir ki, çərşənbə günündən etibarən start götürən bu proses 2027-ci il martın 31-nə qədər davam edəcək. Pandemiya səbəbindən təxirə salınan siyahıyaalınma ölkənin sosial rifah proqramlarını və siyasi təmsilçilik xəritəsini yenidən formalaşdıra bilər.
Siyahıyaalınma iki əsas mərhələdən ibarət olacaq. Birinci mərhələdə məmurlar bir ay ərzində ev təsərrüfatları, mənzil fondu və yaşayış şəraiti barədə məlumat toplayacaqlar. Məlumatlar həm şəxsi sorğular, həm də smartfon tətbiqi vasitəsilə onlayn şəkildə qəbul ediləcək. İkinci mərhələ isə sentyabr ayından başlayacaq və əhalinin sosial-iqtisadi xüsusiyyətlərini, o cümlədən din və kasta mənsubiyyətini əhatə edəcək.
Hindistanda kasta sistemi resurslara çıxış, təhsil və iqtisadi imkanların bölüşdürülməsində hələ də mühüm rol oynayır. Hökumətlər uzun müddətdir ki, sosial gərginliyin artmasından ehtiyat edərək genişmiqyaslı kasta sayımına müqavimət göstərirdilər. Sonuncu əhatəli kasta siyahıyaalınması 1931-ci ildə, Britaniya müstəmləkəçiliyi dövründə aparılıb.
Yeni məlumatlar Hindistanın siyasi xəritəsinin dəyişməsinə, parlamentdəki yerlərin sayının artırılmasına və 2023-cü il qanununa əsasən qadınlar üçün ayrılan kvotaların yenidən müəyyən edilməsinə səbəb ola bilər.
2011-ci ildə aparılan son siyahıyaalınmada Hindistan əhalisi 1,21 milyard nəfər qeydə alınmışdı. Hazırda isə bu rəqəmin 1,4 milyarddan çox olduğu təxmin edilir. BMT-nin məlumatına görə, Hindistan 2023-cü ildə Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan dövlətinə çevrilib.







