Son dəqiqə

ABŞ Donald Tramp Marko Rubio ABŞ-nin vitse-prezidenti Cey Di Vens

ABŞ-da 2028-ci il prezident seçkiləri üçün ilk rəy sorğusu: J.D. Vens liderdir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-da ən böyük sağçı siyasi toplantılardan biri hesab olunan Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) 2028-ci il prezident seçkiləri ilə bağlı keçirilən qeyri-rəsmi ("straw poll") sorğunun nəticələri açıqlanıb.

TurkicWorld xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D. Vens ardıcıl ikinci ildir ki, səsvermədə birinci yeri tutaraq Respublikaçılar Partiyasının növbəti potensial lideri kimi önə çıxıb.

1600-ə yaxın iştirakçının qatıldığı sorğuda J.D. Vens səslərin 53%-ni toplayaraq qələbə qazanıb. İkinci yerdə isə 35% səslə ABŞ-ın dövlət katibi Marko Rubio qərarlaşıb. Ötən ilki sorğuda Rubionun dəstəyi cəmi 3% idi ki, bu da onun partiya daxilində nüfuzunun bir il ərzində kəskin artdığını göstərir. Digər namizədlər arasında Stiv Bennon 12%, Florida qubernatoru Ron Desantis isə 7% səs toplayıb.

Sorğunun nəticələri Donald Trampın ikinci prezidentlik müddətinin başa çatacağı 2028-ci il üçün partiya daxili yeni qütbləşməni əks etdirir. Hazırda Prezident Trampın reytinqi İranla davam edən müharibə və iqtisadi çətinliklər fonunda 36%-ə düşüb ki, bu da onun hakimiyyət dövrünün ən aşağı göstəricisidir. Ekspertlər qeyd edirlər ki, Vens partiyanın daha "izolyasiyaçı" MAGA qanadını, Rubio isə daha müdaxiləçi xarici siyasət tərəfdarlarını təmsil edir.

2024-2026-cı illərin tendensiyaları əsasında aparılan təhlillər Respublikaçı seçicilər arasında irqi və sosial qruplara görə bölgüdə mühüm dəyişikliklərin olduğunu göstərir. Hazırda ağdərili seçicilər respublikaçı bazanın təxminən 80-85%-ni təşkil edərək partiyanın əsas nüvəsini formalaşdırır. Latınamerikalı (Hispanic) seçicilər arasında respublikaçılara dəstək, xüsusən Marko Rubionun siyasi fəallığı və dövlət katibi vəzifəsinə gətirilməsinin təsiri ilə 35-40% civarına yüksəlib. Afroamerikalı seçicilər arasında isə mühafizəkar bloka olan rəğbət artaraq hazırda 10-12% arasında dəyişir.

Mövzuya görə xəbərlər