BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ-ın həyata keçirdiyi hərbi müdaxilə nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq Nyu-Yorka gətirilən Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün Manhattan federal məhkəməsində növbəti dəfə hakim qarşısına çıxıblar. Bu məhkəmə iclası tərəflərin dəlilləri və müdafiə tərəfinin işin dayandırılması ilə bağlı vəsatətlərinin ilkin qiymətləndirilməsi məqsədilə keçirilib.
TurkicWorld xəbər verir ki, Maduronun vəkilləri Venesuela hökumətinin vəsaitlərinin dondurulması səbəbindən müdafiə xərclərinin ödənilməsində yaranan çətinlikləri konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirərək işə xitam verilməsini tələb ediblər.
Xatırladaq ki, Nikolas Maduro və həyat yoldaşı cari ilin 3 yanvar tarixində ABŞ xüsusi təyinatlı qüvvələrinin Karakasda həyata keçirdiyi "Mütləq Qətiyyət" (Operation Absolute Resolve) adlı hərbi əməliyyat nəticəsində ələ keçiriliblər. ABŞ Ədliyyə Nazirliyi Maduronu on illər ərzində Venesuela dövlətinin gücündən istifadə edərək beynəlxalq narkotik ticarətini və terror qruplaşmalarını dəstəkləməkdə, həmçinin ABŞ-a qarşı "narkoterrorizm" fəaliyyəti yürütməkdə ittiham edir. Yanvarın 5-də keçirilən ilk iclasda Maduro ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək özünü "günahsız" və "hərbi əsir" elan edib.
ABŞ Prezidenti Donald Tramp kabinet iclasında etdiyi çıxışda Maduronun ABŞ-a daxil olan narkotik axınının əsas təşkilatçılarından biri olduğunu və hazırkı ittihamların onun törətdiyi cinayətlərin yalnız bir hissəsini təşkil etdiyini bildirib. Karakasdakı hərbi müdaxilə zamanı mülki və hərbi obyektlərin bombardman edilməsi beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olsa da, Vaşinqton bu addımı Venesuelada demokratik keçidi təmin etmək və regional təhlükəsizliyi qorumaq zərurəti ilə əsaslandırıb. Hazırda Venesuelada prezident səlahiyyətlərini vitse-prezident Delsi Rodriges icra etsə də, ABŞ administrasiyası ölkədə tam sabitlik bərpa olunana qədər proseslərə nəzarət edəcəyini bəyan edib.







