BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ-ın nüfuzlu "Axios" xəbər portalı Ağ Evdəki yüksək rütbəli rəsmiyə istinadən bildirir ki, Tramp administrasiyası ilə Tehran arasında mümkün danışıqlar prosesində sükut davam edir.
TurkicWorld xəbər verir ki, mənbənin sözlərinə görə, İran tərəfi ABŞ-ın təqdim etdiyi danışıqlar təklifinə hələlik heç bir rəsmi "imtina" cavabı göndərməyib.
Məlumatda vurğulanır ki, İranın daxili auditoriya üçün verdiyi sərt bəyanatlara və mətbuatda yayılan təkziblərə baxmayaraq, rəsmi diplomatik kanallar vasitəsilə Vaşinqtona hər hansı bir neqativ cavab daxil olmayıb.
Analitiklər hesab edir ki, rəsmi imtinanın olmaması Tehranın daxilində ciddi müzakirələrin getdiyindən və ya rejimin "nəbz yoxladığından" xəbər verir. Prezident Donald Trampın İranın enerji obyektlərinə zərbələri müvəqqəti dayandırması və danışıqlar üçün 5 günlük pəncərə açması fonunda, ABŞ tərəfi Tehranın verəcəyi rəsmi reaksiyanı gözləyir.
Bu xəbər, xüsusilə Məhəmməd Baqir Qalibafın Tehranda güc mərkəzinə çevrilməsi və pərdəarxası danışıqları idarə etmək potensialı barədə yayılan məlumatlarla üst-üstə düşür. Vaşinqton tərəfi hələlik Tehranın "sükutunu" danışıqlar masasına gəlmək ehtimalı kimi qiymətləndirməyə meyillidir.