Son dəqiqə

İsrail İran Livan Hizbullah Beyrut

Livanda raket daşıyan "Hizbullah" üzvləri həbs edilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Paytaxt Beyrutda raket və digər hərbi silahların qanunsuz dövriyyəsi və daşınması ittihamı ilə dörd nəfər barəsində məhkəmə prosesi başlayıb.

TurkicWorld xəbər verir ki, "Şərq əl-Avsat" qəzetinin yaydığı məlumata görə, hərbi müstəntiq Qada Əbu Əlvan tərəfindən dindirilən iki "Hizbullah" üzvü barəsində həbs qərarı çıxarılıb. Sözügedən şəxslər iki həftə əvvəl Cəbəl-Livan bölgəsinin Kəfrahuna kəndində Bəqaa vadisindən ölkənin cənubuna 21 ədəd raket daşıyarkən saxlanılıblar.

Məhkəmə prosesində iştirak edən mənbələrin bildirdiyinə görə, təqsirləndirilən şəxslər raketləri daşıdıqlarını etiraf ediblər. Lakin onlar bu hərəkətlərini "İsrail işğalına qarşı müqavimət borcu" kimi əsaslandırmağa çalışıblar. Buna baxmayaraq, məhkəmə bu fəaliyyəti Livan hökumətinin "Hizbullah"ın hərbi və təhlükəsizlik fəaliyyətlərini qadağan edən rəsmi qərarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Məhkəmə qərarı Livanın Silah haqqında qanununun 72-ci və Cinayət Məcəlləsinin 288-ci maddələrinə əsaslanıb. Bu maddələr lisenziyasız silah daşınmasını və dövlətin bitərəflik siyasətini pozaraq ölkəni hərbi təhlükəyə məruz qoyan hərəkətləri cinayət hesab edir. Müstəntiq hakimlər Corc Mezher və Rayan Əl-Masri tərəfindən digər üzvlər barəsində də oxşar ittihamlarla – pulemyot və tapançaların qanunsuz daşınmasına görə həbs qərarları verilib. Məhkəmə həmçinin bütün ələ keçirilmiş silahların Livan ordusunun xeyrinə müsadirə edilməsinə dair göstəriş verib.

Hüquq müdafiəçiləri və vəkillərin bir hissəsinin Ədliyyə Sarayı önündə keçirdikləri etiraz aksiyalarına və azadlığa buraxılma tələblərinə baxmayaraq, hərbi prokurorluq girov müqabilində azadlığa buraxılma vəsatətlərini rədd edib.

Mövzuya görə xəbərlər