BAKI, TurkicWorld, Orxan Qədirzadə
Macarıstanın paytaxtı Budapeştdə hər il ənənəvi olaraq keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC Hungary) bu il də qlobal sağçı hərəkatların görüş yerinə çevrilib. Macarıstanın Baş naziri Viktor Orban tədbirdəki çıxışında Avropa İttifaqı rəhbərliyini kəskin tənqid edərək, qarşıdan gələn seçkilərdə böyük dəyişiklik vəd edib.
TurkicWorld xəbər verir ki, Viktor Orban çıxışına Donald Trampın qələbəsinin dünyanı daha yaxşı bir yerə çevirdiyini vurğulamaqla başlayıb. O, Macarıstanın milli-mühafizəkar qüvvələrin Avropadakı ən güclü qalası olduğunu bildirib. "Əgər biz burada qalib gəlsək, təkcə Macarıstanı qorumayacağıq, həm də Brüsseldə proqressivlərin qapılarını qıracağıq" – deyə Orban qeyd edib. Baş nazir Avropa İttifaqı institutlarını proqressiv solçuların son qalası adlandırıb və sağçı qüvvələrin beynəlxalq səviyyədə birləşməsinin vacibliyini vurğulayıb.
Tədbirdə iştirak edə bilməyən Donald Tramp video müraciət göndərərək Viktor Orbanı 12 aprel seçkilərində açıq şəkildə dəstəklədiyini bəyan edib. Tramp Orbanın "daima qalib gələn" lider olduğunu vurğulayaraq, mühafizəkar dəyərlərin qorunmasında Macarıstanın rolunu yüksək qiymətləndirib. Konfransda həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Argentinanın prezidenti Xavyer Miley və Avropanın müxtəlif sağçı partiyalarının liderləri iştirak edirlər. Qeyd edək ki, konfrans Macarıstanın dövlət tərəfindən maliyyələşdirilən Fundamental Hüquqlar Mərkəzi tərəfindən təşkil olunub.







