Son dəqiqə

Ərəb Liqası Əl-Əqsa məscidinin bağlanmasını qınadı Ərəb dünyası İsrailin Əl-Əqsa qərarına sərt reaksiya verdi Ərəb Parlamenti Qüdsdə dini məhdudiyyətləri tənqid etdi Ramazan ayında Əl-Əqsa məscidinə girişin məhdudlaşdırılması pisləndi Ərəb Liqası Qüdsdə müqəddəs yerlərin qorunmasına çağırdı Əl-Əqsa məscidi ilə bağlı qərar regionda gərginliyi artırır

Ərəb Liqası və Ərəb Parlamenti “Əl-Əqsa” məscidinin bağlanmasını qınadı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Ərəb Liqasının Baş Katibliyi İsrail hakimiyyətinin müsəlmanların “Əl-Əqsa” məscidinə girişini məhdudlaşdırması və xüsusilə Ramazan ayında məscidin bağlanması ilə bağlı tədbirləri qətiyyətlə pisləyib.

TurkicWorld xəbər verir ki, təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, “Əl-Əqsa” məscidinə ibadət üçün girişin məhdudlaşdırılması dini azadlığın pozulması və Qüdsdə müqəddəs yerlərin tarixi-hüquqi statusunun dəyişdirilməsi cəhdi kimi qiymətləndirilir.

Ərəb Liqası vurğulayıb ki, “Əl-Əqsa” məscidi bütün dünyada müsəlmanlar üçün xüsusi dini və tarixi əhəmiyyət daşıyır və bu məsciddə ibadətə mane olan hər hansı addım regionda gərginliyi daha da artıraraq sabitliyə təhlükə yarada bilər.

Təşkilat beynəlxalq ictimaiyyəti və aidiyyəti qurumları Qüdsdəki müqəddəs məkanların qorunması və onların mövcud tarixi statusunun saxlanılması üçün məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

Eyni mövqe ilə çıxış edən Ərəb Parlamentinin sədri Məhəmməd bin Əhməd əl-Yamahi də İsrail hakimiyyətinin “Əl-Əqsa” məscidi və “Hərəm əş-Şərif” kompleksinə müsəlman ibadətçilərin girişini məhdudlaşdırmasını sərt tənqid edib.

O bildirib ki, belə addımlar dini ibadət azadlığının pozulması ilə yanaşı, işğal olunmuş Qüdsdə mövcud tarixi status-kvonun dəyişdirilməsi cəhdidir.

Əl-Yamahi qeyd edib ki, “Əl-Əqsa” məscidinə girişin məhdudlaşdırılması bütün dünyada müsəlmanların narazılığına səbəb ola və regionda gərginliyi daha da artıra bilər. Onun sözlərinə görə, 144 dunam ərazini əhatə edən məscid kompleksi yalnız müsəlmanların ibadəti üçün nəzərdə tutulub.

Ərəb Parlamenti rəhbəri həmçinin İordan çayının qərb sahilində yerləşən İbrahim məscidində baş verən pozuntularla bağlı narahatlığını ifadə edib.

O, Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyəti Qüdsdəki müqəddəs yerlərin qorunmasını təmin etməyə və İslam və xristian dini məkanlarının tarixi statusuna hörmət göstərilməsinə çağırıb.