Son dəqiqə

Livan və Suriya sərhəd nəzarətini gücləndirmək barədə razılığa gəlib Cozef Aun və Əhməd əş-Şaraa telefon danışığı aparıb Livan-Suriya sərhədində gərginlik müzakirə olundu Dəməşq və Beyrut sərhəd təhlükəsizliyini artıracaq Suriyadan Hizbullahla bağlı sərt açıqlama Livan və Suriya koordinasiyanı gücləndirməyə qərar verib

Livan və Suriya sərhəd nəzarətinin gücləndirilməsi barədə razılığa gəlib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Livan prezidenti Cozef Aun və Suriya prezidenti Əhməd əş-Şaraa telefon danışığı zamanı iki ölkə arasında sərhəd nəzarətinin gücləndirilməsinin vacibliyini müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Livan prezident administrasiyasının yaydığı məlumata görə, tərəflər hazırkı həssas vəziyyət fonunda koordinasiya və məsləhətləşmələrin artırılmasının, xüsusilə sərhəd xəttinə nəzarətin gücləndirilməsinin zəruri olduğunu vurğulayıblar.

Suriya prezident administrasiyasının açıqlamasında bildirilib ki, Əhməd əş-Şaraa Livan prezidentinin Hizbullahın silahsızlaşdırılması istiqamətində göstərdiyi səylərə dəstək ifadə edib və bunun regionu mövcud münaqişənin daha geniş nəticələrindən qorumağa kömək edəcəyini qeyd edib.

Liderlər arasında telefon danışığı Suriyanın Hizbullahı öz ərazisinə artilleriya mərmiləri atmaqda ittiham etməsindən bir neçə saat sonra baş tutub.

Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Livan ərazisindən atıldığı bildirilən mərmilər Dəməşqin qərbində yerləşən Serqaya şəhəri yaxınlığına düşüb.

Suriya ordusu rəsmi açıqlamasında ölkəyə qarşı hər hansı hücuma dözməyəcəyini bildirib.

Bundan əvvəl Livan ordusu Qasr-Hermel bölgəsində yerləşən hərbi postun Suriya tərəfdən açılan atəşə məruz qalması nəticəsində bir livanlı hərbçinin orta dərəcəli yaralandığını açıqlamışdı. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Livan ötən həftə Hizbullahın İsrailə hücumundan sonra regionda genişlənən münaqişəyə cəlb olunub. Hücum ABŞ və İsrailin zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xameneinin öldürülməsinə cavab olaraq həyata keçirildiyi bildirilir.

Suriya isə indiyədək münaqişədə birbaşa iştirak etməyib və əsasən neytral mövqe saxlayıb. Bununla yanaşı, rəsmi Dəməşq regionda gərginliyin artmasından sonra Livan və İraqla sərhədlərinə əlavə hərbi qüvvələr yerləşdirib.

Xatırladaq ki, Hizbullah uzun illər Suriyanın keçmiş prezidenti Bəşşar əl-Əsədin əsas müttəfiqlərindən biri olub və 2013-cü ildə Suriyadakı münaqişə zamanı Dəməşq hökumətinə hərbi dəstək göstərib.