Son dəqiqə

BƏƏ hökuməti regional vəziyyətlə bağlı brifinq keçirib BƏƏ: Hava müdafiə sistemləri yüzlərlə hücumu zərərsizləşdirib Əbu-Dabi təhlükəsizlik və iqtisadi vəziyyət barədə məlumat verdi BƏƏ Tehrandakı səfirliyini bağladı İran hücumları fonunda BƏƏ-nin müdafiə hazırlığı BƏƏ iqtisadiyyatı və turizm sektoru fəaliyyətini davam etdirir

BƏƏ hökuməti regional vəziyyətlə bağlı geniş media brifinqi keçirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Regional gərginlik fonunda Birləşmiş Ərəb Əmirlikləri hökuməti son vəziyyətlə bağlı ictimaiyyətə məlumat verib.

TurkicWorld xəbər verir ki, Əbu-Dabidə keçirilən geniş media brifinqində ölkənin təhlükəsizlik, diplomatik və iqtisadi vəziyyətinə dair ən son məlumatlar açıqlanıb.

Brifinqdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Turizm Nazirliyi, eləcə də Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi briqada generalı pilot Əbdülnasir Əlhəmidinin sözlərinə görə, BƏƏ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və ölkənin hava məkanı çoxsəviyyəli hava müdafiə sistemi ilə qorunur.

Nazirliyin məlumatına əsasən, İranın hücumları başlayandan bəri BƏƏ hava müdafiə sistemləri 186 ballistik raketi qeydə alıb. Onlardan 172-si məhv edilib, 13-ü dənizə düşüb, biri isə ölkə ərazisinə düşüb.

Eyni zamanda 812 pilotsuz uçuş aparatı aşkar edilib, onların 755-i zərərsizləşdirilib, 57-si ölkə ərazisinə enib. Bundan əlavə, səkkiz qanadlı raketin də məhv edildiyi bildirilib.

Hadisələr nəticəsində üç nəfər həlak olub, 68 nəfər yüngül xəsarət alıb və bəzi mülki obyektlərə məhdud ziyan dəyib. Rəsmi açıqlamada qeyd olunub ki, qeydə alınan partlayışların böyük hissəsi hava müdafiə sistemlərinin hədəfləri məhv etməsi nəticəsində baş verib.

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi bildirib ki, son günlər İranın hücumları regionda görünməmiş eskalasiyaya səbəb olub.

O qeyd edib ki, BƏƏ ərazisinin İrana qarşı hər hansı hərbi əməliyyat üçün istifadə olunmasına imkan verməyəcək. Bununla yanaşı, ölkə özünü müdafiə etmək hüququna malikdir və bu hüquq BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır.

Əl-Haşimi İranın hücumlarına etiraz olaraq BƏƏ-nin Tehrandakı səfirliyini bağladığını, diplomatik nümayəndəliyi geri çağırdığını və İran səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq rəsmi etiraz notası təqdim edildiyini açıqlayıb.

İqtisadiyyat və turizm naziri Abdullah bin Tuq əl-Mərri bildirib ki, BƏƏ iqtisadiyyatı sabitliyini qoruyur. Onun sözlərinə görə, ölkə dörd-altı ay üçün kifayət edən strateji ərzaq ehtiyatlarına malikdir və idxal axınları fasiləsiz davam edir.

Turizm sektoru da fəaliyyətini normal şəkildə davam etdirir. Ölkədə fəaliyyət göstərən 1260 otel və 40 mindən çox turizm şirkəti xidmət göstərməyə davam edir.

Aviasiya sahəsində isə fövqəladə hava dəhlizləri aktivləşdirilib və regional ehtiyat planları işə salınıb. Martın 1-dən bəri milli aviaşirkətlər tərəfindən həyata keçirilən 60 reyslə 17 min 498 sərnişin daşınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə təhlükəsizlik vəziyyəti sabit olaraq qalır. Sahələrdə 4100-dən çox patrul və sürətli reaksiya bölmələri xidmət aparır.

Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndəsi Seyf Cuma əz-Zahiri isə bildirib ki, enerji, su, rabitə, nəqliyyat və səhiyyə sistemləri normal fəaliyyət göstərir.

Rəsmilər vətəndaşları və ölkədə yaşayan şəxsləri yalnız rəsmi mənbələrə etibar etməyə və yayılan təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıblar.