İsrail ordusu İranla müharibənin risklərini açıqladı Qapalı iclaslarda mümkün qarşıdurma ssenariləri müzakirə edilib Tel-Əvivdə İranla müharibə ehtimalı gündəmdə Sorğu: İsraillilərin yarısı İrana zərbəni dəstəkləyir Hərbi rəhbərlik risklər barədə xəbərdarlıq edir Tükəndirmə müharibəsi ssenarisi müzakirə olunur

İsrail ordusu İranla müharibə ehtimalı ilə bağlı riskləri dəyərləndirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsraildə İranla mümkün qarşıdurma ətrafında müzakirələr davam edir.

TurkicWorld xəbər verir ki, “Yediot Axronot” qəzeti İsrail ordusunun ali komandanlığında keçirilən qapalı müzakirələrə istinadən yazıb ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlaması və ya İsrailin müstəqil şəkildə hücum qərarı verməsi ölkə üçün ciddi təhlükələr yarada bilər. Müzakirələrdə mümkün ssenarilər sırasında təyyarələrin vurulması, mülki itkilərin artması, genişmiqyaslı dağıntılar və uzunmüddətli tükəndirmə müharibəsi ehtimalı qeyd olunub.

Nəşr bildirib ki, Baş Qərargah rəisi Eyal Zamir ictimaiyyət qarşısında açıq mövqe bildirməsə də, siyasi rəhbərliklə qapalı iclaslarda mümkün qarşıdurmanın “fürsət və risklərini” təqdim edir. Qəzet bu müzakirələrin ictimaiyyətə açıqlanmamasını tənqid edib və hərbi rəhbərliyin bəzi məlumatları sızdırmaqla müharibə çağırışlarını səngitmək niyyətində olduğunu yazıb.

Tel-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun keçirdiyi sorğuya əsasən, respondentlərin 50,5 faizi ABŞ-ın hücumdan imtina edib Tehranla nüvə sazişi bağlayacağı təqdirdə İsrailin müstəqil şəkildə İrana zərbə endirməsini dəstəkləyir. Sorğuda iştirak edənlərin 72,5 faizi isə İsrailin hava hücumundan müdafiə sistemlərinin mümkün İran hücumu zamanı yetərli olacağına inandığını bildirib.

Qəzet qeyd edib ki, ictimaiyyətin orduya inam səviyyəsi 85 faiz olduğu halda, hökumətə inam 33 faiz, baş nazir Benyamin Netanyahuya isə 41 faiz təşkil edir. Bu vəziyyət ordunun ictimai rəyə münasibətdə məsuliyyət hissini artırır.

Məlumata görə, İsrail ordusu 2026-cı il üçün planlaşdırılan hazırlıq proqramında İranla birbaşa müharibəni əsas ssenari kimi nəzərdə tutmayıb. Əvəzində Livanda “Hizbullah”a qarşı geniş əməliyyat və ya Qəzzada yeni qarşıdurma kimi variantlar dəyərləndirilib. Bununla yanaşı, qəfil hücum ehtimalına qarşı hazırlıq göstərişi verildiyi bildirilir.

Hərbi qiymətləndirmələrdə mümkün ssenarilər sırasında İsrail təyyarəsinin İran hava məkanında vurulması, ölkə daxilində əvvəlki münaqişələrə nisbətən daha geniş dağıntıların baş verməsi və çoxsaylı mülki itkilərlə nəticələnə biləcək hadisələrin yaşanması ehtimalı yer alıb.

Qəzet həmçinin tükəndirmə xarakterli uzunmüddətli raket hücumları ssenarisinin də nəzərdən keçirildiyini yazıb. Belə halda Ben Qurion hava limanının fəaliyyətinin pozula biləcəyi və iqtisadi itkilərin artacağı ehtimal edilir.

Eyni zamanda, mümkün qarşıdurmaya “Hizbullah”ın da qoşulması ehtimalı istisna edilmir. Məlumata görə, Livan, Yəmən və İraq istiqamətlərindən paralel raket hücumları ssenarisi İsrail Hərbi Hava Qüvvələri tərəfindən məşq edilsə də, real şəraitdə sınaqdan keçirilməyib.