BAKI, TurkicWorld, Orxan Qədirzadə
Demokratlar Partiyasının Milli Komitəsinin (DNC) hazırladığı gizli hesabatda Kamala Harrisin Ağ Evi itirməsinin əsas səbəblərindən birinin Bayden-Harris administrasiyasının Qəzza siyasəti olduğu bildirilir.
TurkicWorld xəbər verir ki, "Axios" portalının yaydığı məlumata görə, partiya daxilində aparılan daxili qiymətləndirmə İsrailə verilən qeyd-şərtsiz dəstəyin seçkilərdə "xalis itki" (net loss) gətirdiyini üzə çıxarıb. Hesabatın ictimaiyyətdən gizli saxlanılması Demokratlar arasındakı mütərəqqi (proqressiv) və mühafizəkar qanadlar arasındakı uçurumun daha da dərinləşməsindən ehtiyat edilməsi ilə bağlıdır.
Harrisin özünün yazdığı "107 Gün" adlı kitabında da maraqlı məqamlar yer alıb. O, Co Baydenin Benyamin Netanyahuya verdiyi "açıq çek"in (məhdudiyyətsiz dəstək) prezidentin reytinqinə mənfi təsir etdiyini və bunun nəticədə 2024-cü il seçkilərində özünə zərər vurduğunu etiraf edib. Harris kitabında qeyd edir ki, o, mülki vətəndaşlara daha çox rəğbət göstərilməsi üçün Baydenə gizli şəkildə müraciətlər etsə də, kampaniya dövründə rəsmi siyasətdən kənara çıxmaqdan imtina edib.
Fələstin tərəfdarı olan qruplar və partiyanın sol qanadı hesab edir ki, Vaşinqtonun İsrailə sarsılmaz dəstəyi gənc seçicilərin və mütərəqqi qüvvələrin partiyadan üz döndərməsinə səbəb olub. DNC-nin hesabatının noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl tam açıqlanmaması partiya daxilində gərginliyi daha da artırıb.