BAKI, TurkicWorld, Orxan Qədirzadə
Sankt-Peterburqda Özbəkistan əsilli xadiməçi Xayrullo İbadullayev yeddinci mərtəbənin pəncərəsindən yıxılan yeddi yaşlı uşağı havada tutaraq onun həyatını xilas edib.
TurkicWorld xəbər verir ki, hadisə bazar günü axşam saatlarında şəhərin Petrozavaskaya küçəsində baş verib.
Pəncərənin kənarında asılı qalan uşağı görən Xayrullo dərhal binanın altına qaçaraq onu tutmağa hazırlaşıb.
Uşaq yerə yıxılarkən xadiməçi onu qolları ilə tutaraq zərbənin gücünü azaldıb. Hadisədən sonra uşağın nəfəs almaqda çətinlik çəkdiyini görən qəhrəman onu binanın girişinə aparıb, daha sonra isə dispetçer məntəqəsinə çatdıraraq ilkin yardım göstərilməsinə kömək edib.
Hazırda uşaq xəstəxanada reanimasiya şöbəsindədir, vəziyyəti stabildir. Uşağı xilas edən Xayrullo İbadullayev isə yüngül xəsarətlər alıb. Məlumata görə, uşağın anası həmin vaxt evdə olub, lakin telefonla danışdığı üçün hadisədən gec xəbər tutub. İdarəetmə şirkəti cəmi bir neçə aydır işləyən xadiməçinin bu fədakar hərəkətini yüksək qiymətləndirib.