BAKI, TurkicWorld, Orxan Qədirzadə
Rusiya Dövlət Duması Federal Təhlükəsizlik Xidmətinə (FTX) ölkə prezidenti Vladimir Putinin aktları əsasında istənilən rabitə növünü bloklamaq hüququ verən qanun layihəsini qəbul edib. Sənəd müzakirəsiz olaraq dərhal ikinci və üçüncü oxunuşda dəstəklənib.
TurkicWorld Rusiya mediasına istinadən xəbər verir ki, səsvermə zamanı 393 deputat "leyhinə", 14 deputat isə "əleyhinə" çıxış edib. Bütün prosedur cəmi üç dəqiqə çəkib.
Yeni qanuna əsasən, FTX rabitə operatorlarına prezidentin normativ aktları ilə müəyyən edilmiş hallarda rabitənin kəsilməsi barədə icrası məcburi olan göstərişlər göndərə biləcək. İlkin variantda bu hüququn yalnız "təhlükəsizlik təhdidləri" zamanı tətbiqi nəzərdə tutulsa da, sonuncu oxunuşda bu məhdudlaşdırıcı ifadələr mətndən çıxarılıb. Qanun həmçinin rabitə operatorlarını FTX-nin tələbi ilə həyata keçirilən bloklamalara görə məsuliyyətdən azad edir.
Məlumat üçün bildirək ki, Rusiya qanunvericiliyinə görə "rabitə xidmətləri"nə səsli, mətn, təsvirli və digər mesajların poçt, radio, optik və digər elektromaqnit sistemləri vasitəsilə göndərilməsi və qəbulu daxildir. 2025-ci ilin nəticələrinə görə, Rusiya mobil internetin kəsilməsi (shutdown) sayına görə dünyada lider olub.







