BAKI,TurkicWorld, Fərid Mikayılov
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-la aparılan dolayı nüvə danışıqlarının gedişi barədə region ölkələrinin xarici işlər nazirlərini məlumatlandırıb.
TurkicWorld xəbər verir ki, Əraqçi Oman paytaxtı Maskatda keçirilən İran–ABŞ dolayı danışıqlarının son vəziyyəti ilə bağlı Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Məlumata görə, Əraqçi danışıqları “yaxşı başlanğıc” kimi dəyərləndirib, eyni zamanda ABŞ tərəfinin niyyət və məqsədləri ilə bağlı mövcud etimadsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, danışıqların davamlı və nəticəyönümlü olması üçün qarşılıqlı etimadın formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Regional ölkələrin xarici işlər nazirləri İran və Amerika Birləşmiş Ştatları arasında nüvə danışıqlarının bərpa olunmasını müsbət qarşılayıblar.
Onlar siyasi və diplomatik həll yoluna nail olmaq üçün dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, gərginliyin eskalasiyasının qarşısının alınmasının region üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.
Telefon danışıqları zamanı vurğulanıb ki, İran–ABŞ nüvə danışıqlarının uğurla nəticələnməsi Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə ciddi töhfə verə bilər.







