Son dəqiqə

İraqda prezident seçkisi təxirə salındı Kürd partiyaları prezident namizədi üzərində razılığa gələ bilmir Bağdadda siyasi qeyri-müəyyənlik dərinləşir İraq prezident seçkisi kürd böhranına görə ertələndi Fuad Hüseynin namizədliyi İraqda gərginlik yaratdı ABŞ və İran fonunda İraqda hakimiyyət mübarizəsi

İraqda prezident seçkisi təxirə salındı

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İraq parlamenti ölkənin yeni prezidentinin seçilməsi prosesini təxirə salıb.

TurkicWorld xəbər verir ki, bu qərar İraqın Kürd adminstrasiyası və İraq Kürd Yurdsevərlər İttifaqı arasında prezident postuna namizəd məsələsində razılığın əldə olunmaması ilə bağlı verilib. İraq Xəbər Agentliyinin məlumatına görə, çərşənbə axşamı keçirilməsi planlaşdırılan səsvermə hər iki kürd qrupunun müraciəti müraciəti əsasında daha geniş məsləhətləşmələr aparılması məqsədilə ertələnib.

İraqda mövcud olan kvota sisteminə əsasən, baş nazir postu şiə, parlament sədri sünni, əsasən simvolik səlahiyyətlərə malik prezident vəzifəsi isə kürdlərə məxsusdur. Adətən, İraq kürdləri arasında əldə olunan razılaşmaya görə prezident İraq Kürd Yurdsevərlər İttifaqından, muxtar Kürd regionunun prezidenti isə İraqın Kürd adminstrasiyasından seçilir.

Lakin bu dəfə İraq Kürd adminstrasiyası xarici işlər naziri Fuad Hüseynin namizədliyini irəli sürüb. Bu isə ənənəvi bölgünü pozaraq tərəflər arasında fikir ayrılığını dərinləşdirib. Məsələ ilə bağlı Bağdaddan məlumat verən mənbələr bildirir ki, istənilən halda prezident postuna namizədin təsdiqlənməsi üçün parlamentdəki şiə və sünni blokların dəstəyi də zəruridir.

Prezident seçildikdən sonra o, 15 gün ərzində baş nazir təyin etməlidir. Hazırda bu posta əsas namizəd kimi keçmiş baş nazir Nuri əl-Malikinin adı çəkilir. Şiə partiyalarından ibarət Koordinasiya Çərçivəsi alyansı artıq Malikini dəstəklədiyini açıqlayıb.

Bununla yanaşı, ABŞ dövlət katibi Marko Rubio İraqda İrana yaxın hökumətin formalaşdırılmasına qarşı xəbərdarlıq edib. Mənbələrin bildirdiyinə görə, Vaşinqton İraq rəhbərliyinə göndərdiyi məktubda Malikinin əvvəlki hökumətlərinə mənfi yanaşdığını çatdırıb. Buna baxmayaraq, şiə alyansı Malikinin ABŞ-ın narahatlıqlarını aradan qaldıra biləcəyinə inanaraq seçimindən geri çəkilməyib.

Qeyd edək ki, İraq uzun illərdir ABŞ və İran arasında geosiyasi rəqabətin əsas meydanlarından biri hesab olunur və ölkədə formalaşan hər bir hökumət bu iki güc arasında həssas balansı qorumağa çalışır.