Son dəqiqə

Suriyada kürd dilinin məktəblərdə tədrisi ilə bağlı qərar verildi Kürd dili Suriyada dövlət məktəblərində seçmə fənn olacaq Dəməşq kürd dilinin təhsil sisteminə daxil edilməsini təsdiqlədi Suriyada kürd dilinin tədrisi üçün yeni yol xəritəsi Təhsil Nazirliyi kürd dili üzrə müfredat hazırlayacaq Kürd dili Suriyada mədəni hüquqlar çərçivəsində tədris ediləcək

Suriyada kürd dilinin tədrisi ilə bağlı yeni qərar qəbul edilib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Suriyada təhsil sahəsində dil siyasəti ilə bağlı mühüm dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, Suriyanın Təhsil Nazirliyi kürd dilinin dövlət məktəblərində seçmə fənn kimi tədris olunmasını nəzərdə tutan rəsmi qərar qəbul edib. Qərar Suriya Prezidenti Əhməd əş-Şəraanın ölkədə yaşayan kürdlərlə bağlı imzaladığı prezident fərmanından sonra qüvvəyə minib və kürd dilinin təhsil sisteminə inteqrasiyasını nəzərdə tutur.

Rəsmi sənəddə qeyd olunur ki, kürd dilinin tədrisi Suriya Konstitusiyasında təsbit olunmuş mədəni və dil hüquqlarının qorunması çərçivəsində həyata keçirilir və kürdlərin Suriyanın milli kimliyinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır. Kürd dili kürd əhalisinin nisbətən sıx yaşadığı bölgələrdə dövlət məktəblərində könüllü əsaslarla tədris ediləcək.

Nazirliyin qərarına əsasən, kürd dili seçmə fənn olacaq və bu fənn üzrə qiymətlər şagirdlərin ümumi müvəffəqiyyət göstəricisinə təsir etməyəcək. Dərslər mövcud təhsil planlarına daxil ediləcək, paralel olaraq isə yeni tədris proqramları hazırlanacaq.

Təhsil Nazirliyinə tabeli Milli Tədris Proqramlarının İnkişafı Mərkəzi kürd dili üzrə tədris proqramının hazırlanmasına cavabdeh qurum kimi müəyyən edilib. tədris proqramının ən geci bir il ərzində tamamlanması və milli təhsil çərçivəsinə uyğunlaşdırılması nəzərdə tutulur.

Kürd dili müəllimi kimi fəaliyyət göstərmək istəyən şəxslər Nazirliyin təşkil etdiyi xüsusi kursları bitirməli olacaq. Bu tələbi ödəməyənlərdən kürd dili üzrə peşəkar səriştə sənədi, həmçinin yazılı və şifahi imtahanlardan uğurla keçmək tələb ediləcək.

Qərarın icrasına nəzarət məqsədilə Təhsil nazirinin sədrliyi ilə mərkəzi monitorinq komitəsi yaradılıb. Komitənin tərkibinə nazir müavinləri, təhsil, tədris proqramı, nəzarət, planlaşdırma və statistika sahələri üzrə yüksək vəzifəli rəsmilər daxil edilib. Kürd dilinin tədris ediləcəyi məktəblərin seçilməsində əhalinin etnik tərkibi, yerli şərait və təhsil müəssisələrinin imkanları əsas götürüləcək. Yekun siyahı Nazirlik tərəfindən ayrıca ümumi göstərişlə açıqlanacaq.