BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidentinin müşaviri Cared Kuşner Qəzzanın müharibədən sonrakı bərpasını nəzərdə tutan “Yeni Qəzza” adlı genişmiqyaslı planını Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasına təqdim edib.
TurkicWorld xəbər verir ki, Kuşnerin təqdim etdiyi plan dörd mərhələdən ibarətdir və 2035-ci ilə qədər Qəzzaya 25 milyard dollardan artıq investisiya cəlb olunmasını nəzərdə tutur. Onun sözlərinə görə, yaxın həftələrdə Vaşinqtonda beynəlxalq donor konfransı keçiriləcək və burada müxtəlif ölkələrin Qəzzanın bərpasına töhfələri elan olunacaq.
Plan çərçivəsində Qəzza zolağında yeni liman və hava limanının inşası, şəhərləri birləşdirəcək dəmir yolu şəbəkəsi, əsas və dairəvi avtomobil yollarının salınması nəzərdə tutulur. Birinci mərhələdə bərpa işlərinin Rəfah və Xan Yunis şəhərlərində aparılması, ikinci mərhələdə Xan Yunisin genişləndirilməsi planlaşdırılır. Üçüncü mərhələdə Qəzzadakı əsas düşərgələrin yenidən qurulması, son mərhələdə isə Qəzza şəhərinin bərpası nəzərdə tutulur.
Kuşnerin təqdimatına əsasən, Qəzzanın sahil zolağının böyük hissəsi çimərlik turizmi üçün ayrılacaq, burada yaşayış və kommersiya məqsədli 180 qüllə inşa ediləcək. Daxili ərazilərdə isə 25 kvadrat kilometr sahəni əhatə edən iri sənaye zonaları, məlumat mərkəzləri və istehsal obyektləri yaradılacaq. Məqsəd on il ərzində Qəzza iqtisadiyyatının həcmini 10 milyard dollardan çox artırmaq və ailələrin orta illik gəlirini 13 min dollardan yuxarı qaldırmaqdır.
Plan çərçivəsində silahsızlaşdırma məsələsinə də toxunulub. Kuşner bildirib ki, ağır silahlar dərhal yığışdırılacaq, yüngül silahların isə bölgələr üzrə Fələstin polisi tərəfindən mərhələli şəkildə toplanması nəzərdə tutulur. Yenidənqurma işləri yalnız tam silahsızlaşdırılan ərazilərdə aparılacaq.
Qeyd edək ki, bu təşəbbüs Donald Tramp administrasiyasının Qəzza müharibəsindən sonrakı mərhələ üçün elan etdiyi strategiyanın tərkib hissəsidir. Planın ilk mərhələsi atəşkəs və əsir mübadiləsini, növbəti mərhələlər isə keçid idarəetmə strukturlarının yaradılmasını, İsrail ordusunun əlavə geri çəkilməsini və bərpa prosesinin başlanmasını nəzərdə tutur.
Bu arada HƏMAS Sülh Şurasına müraciət edərək İsraili atəşkəs razılaşması üzrə öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırıb. Hərəkat bəyan edib ki, razılaşmaya sadiq qalmasına baxmayaraq, İsrailin davamlı pozuntuları humanitar vəziyyəti daha da ağırlaşdırır. HƏMAS Şuranı yardımların daxil olması, sığınacaq təminatı və bərpa işlərinin başlanması üçün məsuliyyət götürməyə çağırıb.