BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası hesab edilən Kaşivazaki–Kariwa AES-ində reaktorun işə salınması cəmi bir gün sonra dayandırılıb.
TurkicWorld xəbər verir ki, stansiyanın operatoru olan və eyni zamanda Fukusima AES-ini də idarə edən Tokio Elektrik Enerjisi Şirkəti reaktorun yenidən işə salınması prosesinin texniki nasazlıq səbəbindən müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət bildirib ki, reaktor hazırda stabil vəziyyətdədir və təhlükəsizliklə bağlı hər hansı risk mövcud deyil.
Məlumata görə, Kaşivazaki–Kariwa AES-inin 6 nömrəli reaktoru 2011-ci ildə Fukusima qəzasından sonra bağlanmışdı və çərşənbə günü yenidən işə salınmışdı. Proses çərçivəsində reaktorun nüvəsindən neytron uducu idarəetmə çubuqlarının çıxarılmasına başlanılmışdı. Lakin bir neçə saat sonra idarəetmə çubuqları ilə bağlı texniki nasazlıq aşkarlandığından əməliyyat dayandırılıb.
Tokio Elektrik Enerjisi Şirkətinin açıqlamasında bildirilib ki, nasazlıq idarəetmə çubuqlarının elektrik avadanlığı ilə bağlıdır və məsələ ətraflı araşdırılmaq üçün reaktor tam şəkildə yenidən dayandırılıb. Şirkət reaktorun nə qədər müddət bağlı qalacağı ilə bağlı hələlik dəqiq məlumat verməyib.
Şirkətin sözçüsü Takaşi Kobayaşi reaktorun vəziyyətinin sabit olduğunu və stansiyadan kənara radioaktiv sızmanın qeydə alınmadığını vurğulayıb. Qeyd olunub ki, idarəetmə çubuqları reaktorun nüvəsində nüvə zəncirvari reaksiyasını tənzimləmək üçün əsas mexanizm hesab olunur və onların çıxarılması və ya daxil edilməsi reaktorun işinin təhlükəsizliyini təmin edir.
Xatırladaq ki, reaktorun ilkin olaraq çərşənbə axşamı işə salınması planlaşdırılsa da, ötən həftə sonu eyni sistemlə bağlı başqa texniki problem aşkarlandığı üçün proses təxirə salınmışdı. Həmin nasazlığın bazar günü aradan qaldırıldığı bildirilmişdi.