BAKI, TurkicWorld, Orxan Qədirzadə
Suriya hökuməti ölkənin şimal-şərqində fəaliyyət göstərən SDQ ilə aparılan inteqrasiya danışıqlarında mövqeyini sərtləşdirərək təşkilata dörd maddəlik ultimatum təqdim edib.
TurkicWorld xəbər verir ki, ultimatumda Fərat çayının şərq bölgəsinə Suriya ordusunun yerləşdirilməsi, gömrük-keçid məntəqələrinin Dəməşqin nəzarətinə verilməsi, neft və qaz yataqlarının mərkəzi hökumətə təhvil verilməsi, eləcə də ərəb əhalinin sıx yaşadığı ərazilərin mərhələli şəkildə dövlətin idarəsinə qaytarılması tələb olunur.
Məlumata görə, tərəflər arasında 10 mart tarixli razılaşmaya baxmayaraq, SDQ son aylar ərzində bu maddələr üzrə praktiki addım atmayıb. Şam bu vəziyyəti razılaşmaların açıq şəkildə icra edilməməsi kimi qiymətləndirir.
Ekspertlərin fikrincə SDQ-nin əsas niyyəti Suriya dövlətinə inteqrasiya olmaq deyil, əksinə, dövlət strukturunu daxildən dəyişməkdir. Lakin, Dəməşq hökuməti bu yanaşmanı qəbul etmir və artıq “son tarix” müəyyən edib.
Ekspertlər bildirir ki, Donald Tramp, Suriya rəhbərliyi və Türkiyə arasında keçirilən son təmaslarda diplomatik variantların tükəndiyi mesajı verilib və bu, prosesi son mərhələ hesab olunur.
Türkiyə KİV-lərin məlumatına görə SDQ-yə yaxın mənbələr “Dəməşqlə razılaşma əldə olunduğu” iddialarını ortaya atıblar. Həmçinin verilən məlumatlarda bu iddiaların dezinformasiya olduğu vurğulanır. Bildirilir ki, SDQ rəhbəri Məzlum Abdi-nin guya Dəməşqə getməsi ilə bağlı yayılan görüntülər gerçəkliyi əks etdirməyib.
Suriya Xarici İşlər Nazirliyi isə rəsmi açıqlamasında SDQ ilə danışıqların konkret nəticə vermədiyini, mərkəzsizləşmə tələblərinin ölkənin ərazi bütövlüyünə təhdid yaratdığını bəyan edib.
Ekspertlər son dövrdə İŞİD hücumlarının artmasını diqqətəlayiq hesab edir və bu prosesin regionda yeni destabilizasiya cəhdləri ilə əlaqəli olduğunu bildirirlər. Ekspert açıqlamalarında bildirilir ki, Suriyanın cənubunda digər qrupların da SDQ-dən ilham alaraq hərəkətə keçməsi riski mövcuddur.
Bu kontekstdə Dəməşq rəhbərliyi SDQ məsələsinin həll edilməsinin vacibliyini ön plana çıxarır.
Dörd maddəlik yekun mövqe
Mənbələrə görə, Dəməşqin SDQ-yə təqdim etdiyi ultimatum aşağıdakı bəndləri əhatə edir:
Suriya ordusunun Fəratın şərqinə keçərək yerləşdirilməsi;
Gömrük və sərhəd-keçid məntəqələrinin mərkəzi hökumətə verilməsi;
Neft və qaz yataqlarının Dəməşqin idarəsinə qaytarılması;
Ərəb əhalinin çoxluq təşkil etdiyi ərazilərin mərhələli şəkildə dövlət nəzarətinə keçirilməsi.
Bildirilir ki, SDQ bu maddələrin heç biri üzrə razılıq nümayiş etdirmir.