BAKI, TurkicWorld, Orxan Qədirzadə
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında aparılan danışıqlarda razılaşma əldə olunmayıb. Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb.
TurkicWorld xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, SDQ-nin hökumət üçün müzakirə edilməyən və icrası mümkün olmayan tələblərdə israr etməsi səbəbindən tərəflər arasında razılaşma baş tutmayıb. Qeyd olunub ki, rəsmi Dəməşq məsələyə dair yekun mövqeyini 28 dekabr tarixində açıqlayacaq və hazırda Suriya hökuməti ilə SDQ arasında təmaslar dayandırılıb.
Suriya Prezidenti Əhməd əş-Şəraanın media üzrə müşaviri Əhməd Müvəffəq Zeydan sosial şəbəkə paylaşımında SDQ-nin məsuliyyət daşımalı olduğunu bildirib. Onun sözlərinə görə, SDQ 10 mart tarixində Türkiyə və ABŞ kimi beynəlxalq aktorların iştirakı ilə imzaladığı razılaşmaya əməl etməməsinin nəticələrini üzərinə götürməlidir.
Suriya dövlət televiziyasına danışan mənbə ABŞ-ın vasitəçiliyi ilə Suriya hökuməti və SDQ arasında ilin sonunadək hərbi razılaşmanın imzalanmasının gözlənildiyini bildirib. Məlumata görə, Vaşinqton bu məqsədlə tərəflərə ciddi təzyiq göstərir və razılaşmanın 27–30 dekabr tarixləri arasında elan ediləcəyi ehtimal olunur.
Müzakirə olunan razılaşma çərçivəsində təxminən 90 min SDQ və daxili təhlükəsizlik üzvünün Suriya Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiyası, həmçinin Rəqqa, Deyr əz-Zor və Həsəkə bölgələrində Müdafiə Nazirliyi tərkibində SDQ-yə məxsus üç hərbi diviziyanın yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, SDQ ABŞ-ın dəstəyi ilə Suriya ordusu strukturunda qadınlardan ibarət hərbi briqada və terrorla mübarizə bölməsinin formalaşdırılmasını tələb edir.
Hazırda əsas fikir ayrılıqları hökumət qüvvələrinin Suriyanın şimal-şərqinə daxil olması, SDQ nümayəndələrinin Müdafiə və Daxili İşlər nazirliklərində tutacağı vəzifələr, hərbi qərarların qəbulu mexanizmi, inzibati struktur və səlahiyyət bölgüsü ilə bağlıdır.
Suriya İnformasiya nazirinin müavini Ubada Kocan isə sosial şəbəkədə yaydığı açıqlamada, Dəməşq hökuməti ilə SDQ arasında razılaşma əldə edildiyi barədə yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, 10 mart tarixində Suriya hökuməti ilə SDQ arasında imzalanmış razılaşmada bütün suriyalıların siyasi proseslərdə iştirakı, atəşkəsin təmin edilməsi, şimal-şərqdəki mülki və hərbi strukturların dövlət idarəçiliyinə inteqrasiyası, məcburi köçkünlərin geri dönüşü və ölkənin ərazi bütövlüyünün qorunması ilə bağlı müddəalar yer almışdı.