Son dəqiqə

IPC: Qəzza zolağında humanitar vəziyyət kritik olaraq qalır BMT Qəzzada aclıq riskinin davam etdiyini açıqladı BMT hesabatı Qəzzada ərzaq təhlükəsizliyinin miqyasını açıqladı

Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında humanitar vəziyyətin kritik olaraq qalmaqda davam etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, BMT-yə daxil olan qurumlar tərəfindən hazırlanan Ərzaq Təhlükəsizliyi Səviyyəsinin İnteqrasiya olunmuş Təsnifatı (IPC) hesabatına əsasən, Qəzzada ən azı 1,6 milyon insan 2026-cı ilin aprel ayının ortalarınadək kəskin ərzaq təhlükəsizliyi ilə üz-üzə qalacaq.

Hesabatda bildirilir ki, son aylarda müəyyən irəliləyişlər müşahidə olunsa da, ərzaq təhlükəsizliyi sahəsində risklər yüksək olaraq qalır. IPC-nin 1 dekabr 2025 – 15 aprel 2026 tarixlərini əhatə edən proqnozuna görə, 10 oktyabr 2025-ci ildə elan olunan atəşkəsdən sonra vəziyyətdə nisbətən yaxşılaşma qeydə alınıb. Avqust 2025-ci ildə qeydə alınan aclıq göstəriciləri ilə müqayisədə ərzaq təminatı və qidalanma sahəsində müsbət dəyişikliklər mövcuddur.

Bununla belə, hesabatda vurğulanır ki, 1,6 milyon nəfərdən 1,03 milyonu “böhran” səviyyəsində (IPC 3), 571 min nəfər “fövqəladə vəziyyət” səviyyəsində (IPC 4), 1 900 nəfər isə “aclq” səviyyəsində (IPC 5) qiymətləndirilir. Bu göstəricilər ümumi vəziyyətin hələ də “kritik” xarakter daşıdığını ortaya qoyur.

IPC hesabatında qeyd olunur ki, 2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrına qədər Qəzza zolağında 6–59 aylıq uşaqlar arasında təxminən 101 min kəskin qida çatışmazlığı halı gözlənilir. Onlardan 31 mininin ağır dərəcəli olacağı proqnozlaşdırılır. Bundan əlavə, 37 min hamilə və süd verən qadının təcili ərzaq yardımına ehtiyac duyacağı bildirilir.

Ekspertlərin qiymətləndirməsinə görə, Qəzzada əldə edilən mövcud irəliləyişlər davamlı, genişmiqyaslı və fasiləsiz humanitar və kommersiya yardımına çıxışdan birbaşa asılıdır. Hesabatda xəbərdarlıq edilir ki, münaqişənin yenidən alovlanması və humanitar yardımın dayandırılması halında, ən pis ssenariyə görə, 2026-cı ilin aprel ayının ortalarınadək bütün Qəzza zolağı aclıq riski ilə üzləşə bilər.