BAKI, TurkicWorld, Orxan Qədirzadə
Suriya təhlükəsizlik qüvvələri Livana göndərilməsi planlaşdırılan iri həcmdə silah partiyasının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısını alıb.
TurkicWorld xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat çərşənbə günü paytaxt Dəməşqin kənd ərazilərində, Livanla sərhədə yaxın Zabadani bölgəsində həyata keçirilib. Təhlükəsizlik qüvvələri sərhəd xəttində yerləşən Sərğaya qəsəbəsində qaçaqmalçıları pusquya salaraq yükü müsadirə edib.
Rəsmi məlumata əsasən, saxlanılan partiya əsasən RPG mərmilərindən ibarət olub və silah-sursat sərhəddən qanunsuz şəkildə keçirilməsi üçün xüsusi qaydada gizlədilib. Məlumatı Ərəb Suriya Xəbər Agentliyi (SANA) yayıb.
Nazirlik vurğulayıb ki, əməliyyat Suriya Ərəb Respublikasının sərhədlərinin qorunması, qaçaqmalçılıqla mübarizə və milli təhlükəsizliyin təmin edilməsi istiqamətində davam etdirilən tədbirlərin tərkib hissəsidir.