BAKI, TurkicWorld, Orxan Qədirzadə
Hanuka bayramının dördüncü günü münasibətilə çərşənbə günü 600-dən çox yəhudi sakin işğal altında olan Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinin həyətinə daxil olub.
TurkicWorld xəbər verir ki,Fələstin Administrasiyasına bağlı Qüds Valiliyinin məlumatına görə, 689 israilli məskunlaşan sakin İsrail təhlükəsizlik qüvvələrinin müşayiəti ilə məscid ərazisinə qruplar halında daxil olaraq həyətlərdə gəzinti həyata keçirib və dini ayinlər icra edib. Eyni zamanda, İsrail qüvvələri fələstinlilərin məscidə girişinə ciddi məhdudiyyətlər tətbiq edib.
Məlumata əsasən, məskunlaşanların girişi zamanı Əl-Əqsa məscidinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, fələstinli sakinlərin bir hissəsinin əraziyə daxil olmasına maneələr yaradılıb.
Bu hadisə fonunda İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində də gərginlik qeydə alınıb. İsrail qüvvələrinin keçirdiyi reyd zamanı dörd fələstinli yaralanıb. Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasına görə, yaralılar arasında döş qəfəsindən güllə yarası alan, diz nahiyəsindən xəsarət alan, qəlpə yarası alan və baş nahiyəsində qəlpə qalıqları olan şəxslər var.
İsrail qüvvələri Nablusun Əqəbə məhəlləsində, həmçinin Ras əl-Ayn, Xan ət-Tikar və Əş-Şühəda ərazilərində reydlər keçirib. Reydlər zamanı tərəflər arasında qarşıdurma yaşanıb, İsrail qüvvələri güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Son günlər Hanuka bayramı ilə əlaqədar olaraq Əl-Əqsa məscidi ətrafında gərginliyin artması müşahidə olunur.