Son dəqiqə

ABŞ-da İxvana qarşı daxili cəbhə genişlənir: Florida və Texasın sərt addımı Müsəlman Qardaşları ABŞ siyasətində yeni təhlükə modeli kimi dəyərləndirilir DeSantis-in qərarı ABŞ-da siyasi islamla mübarizədə dönüş nöqtəsidir Американский фронт против Братьев-мусульман расширяется Флорида и Техас объявили войну политическому исламу

Müsəlman Qardaşları ABŞ siyasətində yeni təhlükə modeli kimi dəyərləndirilir

BAKI, TurkicWorld

Florida ştatının qubernatoru Ron DeSantis-in “Müsəlman Qardaşları” təşkilatını “terrorçu qurumlar” siyahısına daxil etməsi ABŞ siyasi mühitində bu təşkilata qarşı sürətlə dərinləşən dönüşü göstərən bir addımdır.

TurkicWorld Azervoice-a istinadən məlumat verir ki, Uzun illər Vaşinqtonun İxvanla bağlı qeyri-müəyyən və ziddiyyətli siyasəti bəzən diqqətsizlik, bəzən də məhdud əməkdaşlıq indi yerini daha sərt yanaşmaya verir və təşkilatın sərhədləri aşan ideoloji şəbəkə olaraq uzunmüddətli təhlükə yaratdığı rəyi güclənir.

Bu baxımdan Florida qərarı tək bir hadisə deyil, İxvana münasibətdə daha sərt kursa keçidin əlaməti hesab olunur. Bu dəyişiklik, xüsusilə Qərb cəmiyyətlərində paralel nüfuz şəbəkəsi qurmaqda ittiham olunan və ikiüzlü siyasi ritorikadan istifadə etdiyinə görə tənqid edilən təşkilatlara qarşı münasibətlərin sərtləşdiyini göstərir.

DeSantis təkcə “X” platformasında elan verməklə kifayətlənməyib. O, ştatın bütün rəsmi strukturlarına göstəriş verərək təşkilatı və onu dəstəkləyən şəxsləri hər hansı güzəştlərdən məhrum etməyi, eləcə də onların “qeyri-qanuni fəaliyyətlərinə” qarşı tədbirlər görməyi tələb edib.

Bu addım İxvanı “düşmən xarici təşkilat” statusuna yaxınlaşdırır və ABŞ-ın mühafizəkar dairələrində formalaşmaqda olan yeni siyasi düşüncəni əks etdirir. Bu yanaşmaya görə, ABŞ-ın siyasi islam hərəkatları ilə mübarizəsində məsuliyyət təkcə federal hökumətə aid deyil, ştatların da təhlükələrin qarşısını qabaqcadan almaq üçün addım atmaq hüququ var.

Bu çərçivədə mühafizəkar siyasətçilər arasında yayılmış əsas narrativ belədir: Müsəlman Qardaşları sadəcə Yaxın Şərqdə fəaliyyət göstərən siyasi təşkilat deyil, ABŞ daxilində də ideoloji və təşkilati şəbəkələr quran trans-sərhəd qurumdur. Tənqidçilər bu təşkilatı müxtəlif cəmiyyət mərkəzləri, dərnəklər və dini qurumlar vasitəsilə ölkə daxilində “yumşaq nüfuz” qurmaqda ittiham edirlər.

Maraqlıdır ki, Texas ştatı da qısa müddət əvvəl eyni addımı atdı. Ştatın qubernatoru Qreq Abbot İxvanı “xarici terror təşkilatı” və “beynəlxalq cinayətkar şəbəkə” elan etdi.

Bu paralellik göstərir ki, İxvana qarşı sərtləşmə artıq tək-tük siyasi çıxışlar səviyyəsindən çıxaraq respublikaçı ştatlarda formalaşan yeni bir siyasi cərəyana çevrilir. Xüsusilə seçkiqabağı dövrdə milli təhlükəsizlik mövzularında sərt mövqe nümayiş etdirmək yerli liderlər üçün önəm qazanıb.

Son on il ərzində ərəb dünyasında, xüsusilə də 2011-dən sonra baş verən hadisələr ABŞ-da İxvanla bağlı şübhələri daha da artırdı. Misirdə Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsi və qısa müddətdə siyasi sistemə hakim olmağa çalışması Vaşinqtonda təşkilatın gerçək niyyətləri barədə narahatlıqları gücləndirdi.

İxvanın terror təşkilatları siyahısına salınması, mühafizəkar Amerika dairələrində belə bir anlayışın möhkəmlənməsi ilə bağlıdır. Siyasi islamın rəhbərlik modeli və beynəlxalq ideoloji strukturu ABŞ-ın “demokratik dəyərləri” ilə uyğun gəlmir, hətta onlara ziddir.

ABŞ təhlükəsizlik orqanları İxvanın “yumşaq təsir” şəbəkələri yaratmaq bacarığı barədə illərdir xəbərdarlıq edir. Bu strukturların gələcəkdə gizli təhlükə formalaşdıra biləcəyi iddia olunur. İxvanın Qərbdə “demokratiyaya açıq, islahatçı” imici ilə Yaxın Şərqdəki sərt ideoloji yönü arasındakı ziddiyyət də bu narahatlıqları artırır.

Bununla yanaşı, ABŞ-da İxvana münasibətdə dəyişiklik Vaşinqtonun Yaxın Şərq siyasətinin yenidən qiymətləndirilməsi fonunda baş verir. Donald Tramp administrasiyası dövründə İxvanın bəzi qollarının terror təşkilatı kimi tanınması üçün hüquqi araşdırmaların başlanması, federal səviyyədə bu məsələni gündəmə gətirən əsas addım oldu.

Bu prosesdə ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqləri Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də mühüm rol oynadı. Onlar Vaşinqtona geniş məlumat, sənəd və araşdırmalar təqdim edərək İxvanın regional və beynəlxalq təhlükə yaratdığını göstərməyə çalışdılar. Bu, ABŞ-da təşkilatın artıq sadəcə “muxalifət partiyası” kimi deyil, trans-sərhəd ideoloji layihə kimi görülməsinə səbəb oldu.

ABŞ-da siyasi diskurs dəyişdikcə İxvanın gələcəyi də qeyri-müəyyənləşir. Artıq İxvan ABŞ-da nifuz dairələrinin daraldığı, hüquqi, siyasi və mediada təzyiqlərin artdığı ən çətin dövrlərdən birinə daxil olur.

Florida və Texasın addımları belə bir mərhələnin yalnız başlanğıcı ola bilər. Qarşıdan gələn dövrdə təşkilatın ABŞ daxilində fəaliyyəti, maliyyə, təşkilatlanma və ictimai işlər sahəsində daha ciddi məhdudiyyətlərlə üzləşə bilər.