BAKI,TurkicWorld, Orxan Qədirzadə
İsrailli druz lider Şeyx Muvaffaq Tarif ABŞ-ı Suriyada druz icmasının təhlükəsizliyinə dair təminatlar verməyə çağırıb.
TurkicWorld xəbər verir ki, Tarif Reuters-ə açıqlamasında bildirib ki, belə təminatlar ilin əvvəlində druz əhalisinin üstünlük təşkil etdiyi Süveyda vilayətində baş vermiş zorakılığın təkrarlanmasının qarşısını almağa kömək edə bilər.
Tarifin sözlərinə görə, Vaşinqtonun Suriya daxilində azlıqların hüquqlarını qorumaq istiqamətində “öz öhdəliyini yerinə yetirməsi” bölgədə sabitliyin təşviqi baxımından vacibdir. O əlavə edib ki, ABŞ-ın dəstəyi İsrailin Suriyanın cənubuna müdaxilə ehtiyacını da azalda bilər.
“Biz ümid edirik ki, ABŞ, Prezident Tramp və Amerika kimi böyük bir güc Suriyadakı bütün azlıqların hüquqlarını qorumağa təminat verəcək və gələcək zorakılıqların qarşısını alacaq,” – deyə Tarif bildirib.
Açıqlamada, ABŞ Prezidenti Donald Trampın noyabr ayında Suriya Prezidenti Əhməd əŞ-Şəraa ilə danışıqlardan sonra Suriyanın sabitliyi üçün səylərini davam etdirəcəyini qeyd etdiyi də vurğulanıb.
Druzlar dini ənənəyə malik azsaylı icmadır və İsrail, Suriya və Livanda yaşayırlar.
İyul ayında Süveyda vilayətində druz və bədəvi icmaları arasında qarşılıqlı girov götürmə hadisələrindən sonra zorakılıq baş verib. Bir həftə davam edən toqquşmalar nəticəsində bölgədəki onsuzda həssas olan vəziyyət ciddi şəkildə pozulub.
Hökumət qüvvələrinin sabitliyi bərpa etmək üçün bölgəyə göndərilməsi isə gərginliyi artırıb. Müxtəlif mənbələrdə qarətlər, qısa müddətli saxlamalar və zorakılıq halları barədə məlumatlar yayılıb.
İsrail həmin dövrdə öz druz icmasının narahatlıqlarına istinad edərək Suriya hökumət qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb. Hadisələr nəticəsində on minlərlə sakin öz evlərini tərk etməyə məcbur olub və bədəvi icmasının bir çox bölgədən çəkildiyi bildirilir.
Hadisələrdən sonra druz liderləri humanitar dəhliz yaradılması və geniş yerli idarəetmə hüquqları daxil olmaqla müxtəlif siyasi tələblər səsləndiriblər.
Tanınmış druz dini lideri Şeyx Hikmət əl-Həccarinin Süveydanın Suriyadan ayrılması ilə bağlı fikirlərinə münasibət bildirən Tarif qeyd edib ki, icmaların öz müqəddəratını təyinetmə hüququ və təhlükəsizliyi əsas prioritetdir.
Onun sözlərinə görə, druzların silahlarını təhvil verməsi real görünmür. Tarif bildirib ki, iyul hadisələrinə qədər Süveyda polis qüvvələrinin yenidən dövlət sisteminə inteqrasiyası və bölgədə yerli idarəetmənin genişləndirilməsi istiqamətində danışıqlar davam edirdi, lakin zorakılıqlar prosesi dayandırıb.
Suriya Prezidenti Əhməd əş-Şəraa druz icmasının qorunacağını bəyan etsə də, əl-Həccari bu təminatların kifayət etmədiyini və icma üçün təhlükə yaratdığını iddia edir. O, sentyabr ayında ABŞ vasitəçiliyi ilə hazırlanan 13 maddəlik yol xəritəsini qəbul etməmişdi.
Tarif bildirib ki, danışıqların yenilənməsi üçün ilk növbədə bölgə sakinlərinin evlərinə qayıtması və Süveydaya tam humanitar girişin təmin edilməsi vacibdir.
“Hazırda etimad yoxdur... Etimad bərpa olunmalıdır,” – deyə o əlavə edib.