BAKI, TurkicWorld
ABŞ Dövlət Departamenti xaricdəki diplomatik nümayəndəliklərinə digər ölkələrdə keçirilən seçkilərlə bağlı açıqlamalarla ehtiyatlı davranmaları üçün göstəriş göndərib.
TurkicWorld xəbər verir ki, Associated Press-in (AP) əldə etdiyi məlumata görə, təlimatda ABŞ-ın yalnız aydın və əsaslandırılmış xarici siyasət maraqları olduqda seçkilərlə bağlı rəsmi mövqe bildirməsi tövsiyə olunur.
Dövlət Departamenti bildirib ki, səfirlik və konsulluqların verdiyi açıqlamalar ABŞ prezidentinin – Donald Trampın – xarici ölkələrin suverenliyinə hörmət prinsipinə uyğun olmalıdır.
Həmçinin vurğulanıb ki, açıqlamalar mümkün qədər qısa tutulmalı, əsas diqqət qalib namizədin təbrikinə və ortaq maraqlara yönəldilməlidir. Sənəddə xüsusi olaraq qeyd olunub ki, ideoloji səciyyəli və ya birtərəfli bəyanatlardan qaçmaq vacibdir.
Qeyd edək ki, Donald Tramp administrasiyası dövründə ABŞ diplomatiyasında “sərhədlərə hörmət və daxili işlərə qarışmamaq” prinsipinə daha çox üstünlük verildiyi müşahidə olunur.







