Son dəqiqə

İsrail ABŞ Kanada Donald Tramp Qızıl Qübbə raketdən müdafiə sistemi ABŞ yeni raketdən müdafiə texnologiyası müdafiə strategiyası Tramp Qızıl Qübbə layihəsi ABŞ-Kanada müdafiə əməkdaşlığı

ABŞ müdafiədə yeni mərhələyə keçir

BAKI, TurkicWorld

ABŞ “Qızıl Qübbə” adlı yeni nəsil raketdən müdafiə sistemi ilə qlobal təhlükəsizlik arxitekturasında yeni mərhələyə qədəm qoyur.

TurkicWorld xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi brifinqdə ölkəsinin hava və raket hücumlarından müdafiəsini təmin edəcək yeni layihəni – “Qızıl Qübbə” sistemini rəsmən elan edib.

Tramp bildirib ki, layihə hipersəs, ballistik və qanadlı raketlər də daxil olmaqla, bütün hava hücumlarını yer, dəniz və kosmosdan aşkar edib zərərsizləşdirməyi hədəfləyir.

“Qızıl Qübbə” sistemi müasir sensorlar, profilaktik texnologiyalar və kosmosa əsaslanan izləmə mexanizmləri ilə silahlandırılacaq. Tramp bu sistemin ABŞ tarixində qurulmuş ən təkmil müdafiə arxitekturası olacağını vurğulayıb. Layihənin ümumi maliyyə dəyəri 175 milyard dollar olaraq açıqlanıb və onun üç il ərzində tam istifadəyə verilməsi planlaşdırılır.

“Bu gün biz elə texnoloji imkanlara malikik ki, əvvəllər mümkün olmayan sistemləri indi reallaşdıra bilirik. ‘Qızıl Qübbə’ həm yer kürəsindən, həm də kosmosdan atılan raketləri məhv etmək iqtidarında olacaq. İndiyə qədər qurulmuş ən güclü müdafiə sisteminə sahib olacağıq,” – deyə Tramp bəyan edib.

O əlavə edib ki, ABŞ əvvəllər İsrailin “Dəmir Qübbə” (Iron Dome) sisteminin qurulmasına dəstək göstərib və indi isə bu təcrübəni daha inkişaf etmiş formada öz ölkəsində tətbiq edəcək. Tramp həmçinin bildirib ki, bu yeni sistem hipersəs raketlərini belə aşkar edib havada məhv edə biləcək texnologiyalarla təchiz olunacaq.

Kanadanın da “Qızıl Qübbə” sisteminə qoşulmaq istədiyini bildirən Tramp qeyd edib ki, rəsmi Ottava Vaşinqtonla bu məsələdə əməkdaşlıq etməkdə maraqlıdır.

Sistemin ilk mərhələsinin həyata keçirilməsi üçün bu maliyyə ilində 25 milyard dollarlıq büdcənin ayrılması planlaşdırılır. Növbəti illərdə isə mərhələli şəkildə əlavə vəsait ayrılmaqla sistemin tam qurulması nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ-ın mövcud raketdən müdafiə sistemləri müxtəlif təhdidlərə qarşı lokal və regional cavab versə də, “Qızıl Qübbə” layihəsi ilk dəfə olaraq qlobal səviyyədə və tam inteqrasiya olunmuş müdafiə şəbəkəsi qurmağı hədəfləyir. Bu isə onu ABŞ-ın hərbi tarixində ən genişmiqyaslı və strateji layihələrdən birinə çevirir.

Mövzuya görə xəbərlər