Son dəqiqə

Çin ABŞ Gömrük tarifi Vaşinqton ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi Pekin nadir torpaq elementləri ABŞ və Qərb sənayesi

Çin dünya sənayesini təzyiqə məruz qoyub

BAKI, TurkicWorld

Çin ABŞ-ın texnologiya damarını kəsir, qlobal bazarlar silkələnir.

TurkicWorld xəbər verir ki, Çin 3 aprel tarixindən etibarən nadir torpaq elementlərinin (NTE) ixracını dayandırmaqla ABŞ və Qərb sənayesinə ciddi zərbə vurub.

Pekinin bu addımı xüsusilə texnologiya və müdafiə sahəsində Çindən asılı olan ABŞ-ı ciddi iflic vəziyyətinə salıb.

Çin disprosium, ittrium, gadolinium, samarium, terbium, lutesium və skandium kimi strateji əhəmiyyətli nadir elementlərin ixracına lisenziya məhdudiyyəti tətbiq edib. Amma lisenziya mexanizmi hələlik tam işə düşmədiyi üçün faktiki olaraq bu elementlərin ixracı dayandırılıb.

ABŞ mediası bu qərarın "iflicedici təsir" yaratdığını yazır. Belə ki, NTE olmadan döyüş təyyarələri, Tesla mühərrikləri, smartfonlar, raket sistemləri və nüvə texnologiyalarının istehsalı demək olar ki, dayanır.

Bu elementlər həmçinin peyk sistemlərindən tutmuş enerji saxlama texnologiyalarına qədər geniş sahələrdə istifadə olunur. ABŞ-ın bu materiallara tələbatının təxminən 70%-i Çindən asılıdır.

Strateji mədən mütəxəssisi Drew Horn bildirib ki, “Çin hər şeyə nəzarət edir. Bu elementlər istənilən texnologiyanın mərkəzindədir və Çin bu resurslarla dünya istehsalına hökmranlıq edir.”

Qeyd edək ki, bu addım Pekinin ABŞ ilə ticarət və texnologiya sahəsindəki mübarizəsində yeni mərhələ sayılır. Vaşinqton hazırda alternativ təchizat zəncirləri yaratmaq və yerli istehsalı gücləndirmək üçün dost ölkələrlə əməkdaşlığı sürətləndirməyə çalışır.

Ekspertlər hesab edir ki, Çin bu qərarı ilə yalnız bazarları deyil, həm də qlobal geosiyasi tarazlığı silkələyən addım atıb. ABŞ üçün isə bu, həm təchizat təhlükəsizliyi, həm də sənaye dayanıqlılığı baxımından siqnal xarakteri daşıyır.

Mövzuya görə xəbərlər