Çin ABŞ Gömrük tarifi Hindistan Apple ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi

Apple ABŞ bazarını iPhone ehtiyatı ilə doldurur

BAKI, TurkicWorld

Apple vergidən yayınmaq üçün Hindistandan ABŞ-a təxminən 1,5 milyon iPhone gətirib

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Trampın yeni gömrük tarifləri qərarlarından yayınmaq istəyən “Apple” şirkəti Hindistanda istehsal etdiyi təxminən 1,5 milyon “iPhone” cihazını altı nəhəng yük təyyarəsi ilə ABŞ-a göndərib.

Hindistanın Tamil Nadu əyalətində yerləşən Chennai hava limanında gömrük prosedurlarını sürətləndirmək üçün yerli hakimiyyətlə aparılan danışıqlardan sonra Apple təxminən 600 ton ağırlığında yükü – yəni iPhone-ları və aksesuarları ABŞ bazarına çatdırıb. Məqsəd vergilər tətbiq edilməzdən əvvəl bazarda ehtiyat yaratmaqdır.

Qeyd edək ki, məhsullarının əsas hissəsini Çində istehsal edən Apple, Tramp administrasiyasının yeni vergi artımları səbəbilə iPhone qiymətlərinin kəskin yüksələ biləcəyi barədə xəbərdarlıq etmişdi. Şirkət bu riskə qarşı Hindistandakı istehsal gücünü artıraraq Foxconn və Tata şirkətləri ilə əməkdaşlıq çərçivəsində üç fabrikdə iPhone istehsalına başlayıb.

Apple-ın yalnız Foxconn-un Chennai fabrikində ötən il 20 milyon iPhone istehsal olunub. Hal-hazırda ABŞ-a daxil olan iPhone-ların 20 faizi Hindistandan idxal edilir.

Donald Trampın Çindən idxala tətbiq etdiyi gömrük vergisini 54 faizdən 125 faizə yüksəltməsi nəticəsində, ABŞ-da hazırda 1599 dollara satılan iPhone 16 Pro Max modelinin qiymətinin 2300 dollara qədər artacağı gözlənilir.

Qeyd edək ki, prezident Tramp bu ay digər ölkələrə tətbiq edilən 10 faizlik gömrük tariflərini 90 gün müddətinə dayandırdığını açıqlayıb. Lakin Çinə qarşı sərt tariflər qüvvədə qalır.

Mövzuya görə xəbərlər