BAKI, TurkicWorld
Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın ölkəsinin suverenliyinə hörmət etdiyini və iki ölkə arasında iqtisadi və təhlükəsizlik tərəfdaşlığına dair geniş danışıqlara başlamaq barədə razılıq əldə olunduğunu bildirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Monrealda mətbuata açıqlama verən Karni, Trampın həm ictimai, həm də şəxsi görüşlərdə Kanadanın suverenliyini tanıdığını vurğuladığını qeyd edib. Bununla yanaşı, Karni ABŞ-ın Kanada polad, alüminium və avtomobil məhsullarına tətbiq etdiyi tariflərin geri götürülməsinə dair Trampın konkret açıqlama vermədiyini, lakin bu mövzuda intensiv danışıqların davam edəcəyini bildirib.
Karni iki ölkə arasındakı əlaqələrin yeni bir mərhələyə qədəm qoyduğunu və Kanadanın dəyişən qlobal iqtisadi dinamika ilə ayaqlaşmalı olduğunu vurğulayıb. O, ABŞ iqtisadiyyatında Tramp administrasiyasının köklü dəyişikliklər etməyə çalışdığını, bunun isə müəyyən sektorlarda yenidən qurma prosesini qaçılmaz hala gətirdiyini bildirib. Karni, bu dəyişikliklərin potensial iqtisadi dalğalanmalara, inflyasiya riskinə və hətta böyümənin yavaşlamasına səbəb ola biləcəyini əlavə edib.