Bakı, TurkicWorld
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Şimali Koreyanın son dövrlərdə baş verən irimiqyaslı kiberhücumların arxasında dayandığını iddia edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Büronun açıqlamasına görə, Şimali Koreyanın dəstəklədiyi hakerlər Dubayda yerləşən Bybit kriptovalyuta birjasından 1,5 milyard dollar dəyərində Ethereum (ETH) oğurlayıblar.
Şirkət tərəfindən verilən açıqlamada, hakerlərin təhlükəsizlik protokollarını aşaraq rəqəmsal aktivləri öz nəzarət etdikləri ünvanlara köçürdükləri bildirilib.
FTB oğurluğun arxasında Şimali Koreya ilə əlaqəli Lazarus Group adlı kiberhücum qrupunun olduğunu qeyd edib. Məlumata görə, Lazarus Group oğurlanmış aktivlərin bir hissəsini sürətlə Bitcoin və digər virtual valyutalara çevirib və bu vəsaitlərin yuyulması prosesi davam edir.
Cənubi Koreya Kəşfiyyat Xidmətinin məlumatına görə, Şimali Koreya son beş ildə ümumilikdə 1,2 milyard dollar dəyərində kriptovalyuta oğurlayıb.
Son hadisələr fonunda ABŞ və Yaponiya Şimali Koreyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqini müzakirə edir. Ekspertlər bildirirlər ki, Pxenyan kiberhücumları əsas maliyyə mənbələrindən biri kimi istifadə edir və oğurlanan rəqəmsal aktivlər rejimin nüvə proqramına maliyyə dəstəyi üçün yönləndirilə bilər.