Bakı, TurkicWorld
Çin mərkəzli bir şirkət tərəfindən hazırlanan süni intellekt modeli DeepSeek ilə bağlı "təhlükəsizlik narahatlıqları" bir çox ölkədə davam edərkən, Cənubi Koreya da modelin yüklənməsini müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb.
TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Fərdi Məlumatların Qorunması Komissiyası (PIPC) DeepSeek-in məlumat toplama üsulları ilə bağlı narahatlıqlar səbəbindən ölkədə yüklənməsinin dayandırıldığını bildirib.
Komissiya bildirib ki, DeepSeek-in şəxsi məlumatlarla bağlı yerli qanunlara uyğun şəkildə tənzimlənməsi üçün qaydalar hazırlanacaq. Bundan sonra qadağanın qaldırılması nəzərdən keçiriləcək.
Komissiya rəsmisi Nam Seok, artıq proqramı yükləmiş vətəndaşları şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, DeepSeek daha əvvəl Cənubi Koreyada ehtiyatla istifadə olunması tövsiyə edilən bir model kimi qiymətləndirilmişdi.
Süni intellekt modelinin təhlükəsizlik baxımından riskli olduğu bildirildiyi üçün DeepSeek artıq bir sıra ölkələrdə və qurumlarda məhdudlaşdırılıb. Bura Avstraliya, ABŞ Hərbi Dəniz Qüvvələri, İtaliya, ABŞ-ın Nyu-York və Texas ştatları, Hollandiya və Danimarkanın bəzi bölgələri daxildir.