Bakı, TurkicWorld
İran ilə Səudiyyə Ərəbistanı arasında illərdir dayandırılan aviareyslər yenidən həyata keçirilməyə başlanıb.
TurkicWorld xəbər verir ki, ilk uçuş Məşhəd şəhərindən Səudiyyə Ərəbistanının Dəmmam şəhərinə reallaşıb.
İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Məşhəd-Dəmmam reysi Kral Fəhd Beynəlxalq Hava Limanında yerə enərək, əlaqələrin bərpasında mühüm mərhələni qeyd edib. Razılaşmaya əsasən, bu marşrut üzrə həftədə iki dəfə uçuş həyata keçiriləcək.
Qeyd edək ki, 2016-cı ildə Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr daxil olmaqla 47 nəfərin edam edilməsi iki ölkə arasında ciddi gərginliyə səbəb olmuşdu. Tehranda və Məşhəddə Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliklərinə hücumdan sonra Riyad İranla əlaqələri kəsmişdi.
Həmçinin Yəməndəki münaqişə ilə bağlı fikir ayrılıqları və regiondakı nüfuz mübarizəsi əlaqələri daha da mürəkkəbləşdirmişdi.
İraq və Çinin vasitəçiliyi ilə 2023-cü ilin mart ayında iki ölkə münasibətləri normallaşdırmaq qərarına gəlib. Bu çərçivədə qarşılıqlı səfirliklərin açılması, uçuşların bərpası və viza rejiminin asanlaşdırılması barədə razılıq əldə edilib.