Bakı. TurkicWorld
Tbilisidəki parlament binasında etirazçılar tərəfindən törədilən aksiyalar nəticəsində 48 otaqda ciddi ziyan meydana gəlib. Pəncərələr sındırılıb, avadanlıq və mebel zədələnib. Parlamentin yeməkxanası isə tamamilə dağılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
Gürcüstanda, noyabrın 28-də hökumətin ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların 2028-ci ilə qədər açılmasını gündəmdən çıxarmaq qərarına qarşı etirazlar artıq dörd gündür davam edir. İndiyə qədər 200-dən çox etirazçı saxlanılıb.
Spikerin bildirdiyinə görə, parlamentin Çiçinadze küçəsindən kənarındakı taxta qapı yanıb, həmçinin parlamentin mərkəzi binasının istilik və soyutma avadanlıqları, anbarlar və tədris mərkəzinin kompüter laboratoriyası da sıradan çıxıb.