Son dəqiqə

Azərbaycan İran Rusiya

İran, Azərbaycan və Rusiyanın razılaşması Şimal-Cənub Dəhlizində yükdaşımanı artırıb

Bakı, TurkicWorld

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli beynəlxalq nəqliyyat və yükdaşıma üzrə effektiv razılaşma Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində yükdaşımanı artırıb.

TurkicWorld-in məlumatına görə, bunu İranın Yol və Nəqliyyat Təşkilatının Beynəlxalq nəqliyyat və tranzit idarəsinin baş direktoru Cavad Hedayəti yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən 7 ay (20 mart -21 oktyabr 2024) ərzində Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara gömrüyü vasitəsi ilə tranzit məqsədilə İrana 525 min ton məhsul daxil olub. Bu isə ötən ilin analoji dövrü ilə (21 mart -22 oktyabr 2023) müqayisədə 20% artımın olduğunu göstərir.

Hedayəti deyib ki, 7 ay ərzində Astara sərhədindən 76 min min yük maşını keçib.

Qeyd edək ki, 2022-ci il sentyabrda Bakıda Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi haqda bəyannamə imzalanıb.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Mövzuya görə xəbərlər