Son dəqiqə

Azərbaycan Rusiya

Azərbaycan Rusiyada Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq

Bakı, TurkicWorld

Azərbaycan 2024-cü il dekabrın 5-6-da Ulyanovsk şəhərində "Rusiyada işgüzar mühit" Biznes Forumu çərçivəsində keçiriləcək "Orta Volqa - Xəzər dənizi" Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq.

TurkicWorld forumun təşkilatçılarına istinadla xəbər verir ki, tədbir Rusiya ilə Xəzər regionu ölkələri, o cümlədən, Azərbaycan, Türkmənistan, İran və İraq arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlib.

Forumun əsas məsələlərindən biri Orta Volqa limanlarından malların Fars körfəzinə birbaşa çatdırılmasını təmin edən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi olacaq ki, bu da ticarət əlaqələrinin və logistika infrastrukturunun möhkəmləndirilməsinə imkan verəcək.

Forum cənub ölkələrinə dəniz, çay, dəmir yolu, hava və avtomobil nəqliyyatı ilə yük daşıyan aparıcı nəqliyyat və logistika şirkətlərini bir araya gətirəcək. Tədbirdə, həmçinin maliyyə xidmətləri göstərən şirkətlər, gəmi sahibləri, habelə Rusiya, İran İslam Respublikası, Azərbaycan, Türkmənistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının liman idarələrinin nümayəndələri iştirak edəcəklər.

"Orta Volqa - Xəzər dənizi" forumu region ölkələri arasında logistika və yüklərin daşınması sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq üçün yeni imkanların tapılması üçün mühüm platformaya çevriləcək. O, infrastruktur və ticarət sahəsində inteqrasiyanın inkişafına, qarşılıqlı ticarət axınının həcminin artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına kömək edən nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsinə yönəlib.

Forum Ulyanovsk vilayəti hökuməti və "Afanasi Nikitin" Assosiasiyası tərəfindən təşkil olunacaq.

Mövzuya görə xəbərlər