Bakı, TurkicWorld
ABŞ Prezidenti Co Bayden, prezidentlik yarışında məğlub olan Demokrat namizəd Kamala Harrisin seçki kampaniyasındakı səylərini yüksək qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Bayden, Harrisin "tarixi bir kampaniya" apararaq çətin şəraitdə özünü göstərdiyini bildirib və onu vitse-prezident seçməsinin ən doğru qərarlardan biri olduğunu vurğulayıb.
Minnesota qubernatoru Tim Uolz da X platformasında Harrisə vitse-prezident namizədi kimi seçildiyinə görə təşəkkür edib.
Tim Uolz, seçki nəticələri istədikləri kimi olmasa da, kampaniyanı dəstəkləyən milyonlarla Amerika vətəndaşına təşəkkür edib və Demokrat seçicilərini kampaniyanın əsas dəyərləri uğrunda mübarizəni davam etdirməyə çağırıb.
Qeyd edək ki, Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı Donald Tramp 270 nümayəndə səsini toplayaraq ölkənin 47-ci prezidenti olub. Seçkilərdən sonra Kamala Harris məğlubiyyəti qəbul edib, Trampı təbrik etmək üçün ona zəng edib. Bayden də eyni addımı ataraq Trampı təbrik edib və onu Ağ Evə dəvət edib.
Donald Tramp isə 2025-ci il yanvarın 20-də ABŞ prezidentinin andını içərək vəzifəyə başlayacaq.