Bakı, TurkicWorld
Almaniyanın populist partiyaları AfD və BSW-yə artan dəstək iqtisadi çətinlikləri daha da pisləşdirə və potensial olaraq müəssisələrin öz fəaliyyətlərini xaricə köçürmə tendensiyasını sürətləndirə bilər.
TurkicWorld xəbər verir ki, Almaniyada populist partiyalara dəstəyin artması ümumi seçkilərə bir il qalmış ölkənin siyasi sabitliyi ilə bağlı şübhələr yaradır.
Politico-nun son sorğusuna görə, ifrat sağçı olan Almaniya üçün Alternativ (AfD) partiyası son həftələrdə keçirilən regional seçkilərdə iki şərq ştatında səslərin 30 faizindən çoxunu toplayaraq tarixi qələbə qazanıb. AfD Türingiyada birinci, Saksoniyada ikinci, yeni yaradılmış ifrat sol partiyası Sahra Wagenknecht Alyansı (BSW) isə hər iki regionda üçüncü olub.
Kansler Olaf Şolzun Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyası olmaqla üç partiyadan ibarət hakim koalisiyası isə ümumilikdə səslərin 15 faizindən azını toplayıb.
Bu tendensiya davam edərsə, kansler Şolz növbədənkənar seçkilər təyin etmək məcburiyyətində qala bilər. Hansı ki, bu hal bu il Fransa və Böyük Britaniya kimi ölkələrdə yaşandı.
Qeyd edək ki, Almaniyada Rusiyanın Ukraynanı işğal etməsi ilə artan yaşayış xərcləri və son illərdən bəri artmaqda davam edən miqrant dalğası ilə bağlı yaranan ictimai narazılıq halı özünü ifrat sağ və sol siyasi qrupların ölkədə artan təsirində göstərir.
Siyasi spektrin əks tərəflərində olsalar da, həm AfD, həm də BSW əsas məsələlərdə ortaq fikirlərə malikdir. Belə ki, hər iki partiya xarici köçün əleyhindir. Həmçinin, Rusiya tərəfdarı olan AfD Almaniyanın Ukraynaya dəstəyini dayandırmağı və Rusiyadan təbii qaz idxalının bərpa edilməsini müdafiə edir.
AfD həmçinin avroya və iqlim dəyişikliyinə şübhə ilə yanaşır və Almaniyanın köhnə valyutasına qayıtmasını və ölkənin yaşıl enerji keçidinə son qoymasını istəyir.
Digər tərəfdən, mövcud vəziyyətə görə, nə ifrat sağ, nə də ifrat sol partiyaların təkbaşına hakim çoxluğu təşkil etməsi mümkün deyil. Buna görə də, BSW, çox güman ki, partiyalar arasında siyasi gücün tarazlaşdırılmasında mühüm rol oynayacaq.
Onu da əlavə edək ki, IW İnstitutunun hesabatına görə, Almaniyaya birbaşa xarici investisiyalar (BXİ) 2023-cü ildə son 10 ilin ən aşağı səviyyəsinə düşüb.
UNCTAD-ın hazırladığı ayrı hesabatda da Almaniyaya birbaşa xarici investisiya axınının 2022-ci ildə əvvəlki ilə nisbətən 76,2 faiz azaldığı ortaya çıxıb.
İqtisadi göstəricilərdəki müşahidə edilən bu kəskin azalma sənayesizləşdirmə, yüksək əmək xərcləri və getdikcə qeyri-müəyyənliyin yüksəldiyi biznes mühiti ilə bağlı artan narahatlığın göstəricisidir. Bu hal şirkətləri öz fəaliyyətlərini xaricə köçürməyə təşviq edir.
IW araşdırmasında həmçinin vurğulanır ki, alman şirkətlərinin təxminən 90 milyard avroluq xarici sərmayəsi Fransa başda olmaqla digər Avropa İttifaqına (Aİ) üzv ölkələrə yönəlib.