Son dəqiqə

ABŞ Kamala Harris Donald Tramp

Ağ Evə gedən yolda tarixi duel

Bakı, TurkicWorld

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından olan namizəd Kamala Harris ilk televiziya debatında qarşı-qarşıya gəliblər.

TurkicWorld xəbər verir ki, dünən baş tutan canlı yayımda namizədlər 2016-cı ildən bəri prezidentlik debatında ilk dəfə olaraq əl sıxaraq başlayıblar.

Debat zamanı iqtisadiyyat, xarici siyasət və digər mühüm mövzularda müzakirələr aparılıb və namizədlər bir-birini ittiham ediblər.

Müzakirə iqtisadiyyat üzərində qızğın mübahisə ilə başlayıb. Harris orta təbəqəyə kömək edəcək vergi endirimləri və kiçik bizneslərə dəstək vədləri ilə bağlı olan iqtisadi proqramını elan edib. Tramp isə öz dövründə ABŞ tarixinin ən yaxşı iqtisadiyyatını qurduğunu, Bayden-Harris administrasiyasının isə bunu məhv etdiyini müdafiə edib.

Xarici siyasət mövzusunda İsrailin Qəzzaya hücumları və Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. Harris İsrail və Fələstin arasında atəşkəsə ehtiyac olduğunu vurğulayıb. Tramp isə Harrisin İsraildən nifrət etdiyini , prezident olacağı təqdirdə 2 il ərzində İsrailin varlığına son qoyacağına inandığını iddia edib. Trampı inkar edən Harris, bunun qətiyyən doğru olmadığını, karyerası boyu hər zaman İsraili və İsrail xalqını dəstəklədiyini müdafiə edib. Rusiya-Ukrayna müharibəsi ilə bağlı Tramp, prezident olarsa, müharibəni 24 saat ərzində sona çatdıracağını iddia edib, Harris isə Ukraynaya dəstəyin davam edəcəyini bildirib.

Debat zamanı sərhəd təhlükəsizliyi, mühacir siyasəti və ABŞ daxili məsələlərində də ciddi fikir ayrılıqları ortaya çıxıb. Tramp, Bayden administrasiyasının qeyri-qanuni mühacirlərə qarşı etinasız davrandığını iddia edib, Harris isə öz növbəsində bu ittihamları rədd edib.

Gecənin sonunda hər iki tərəf debatın qalibi olduqlarını bəyan etsələr də, debatın nəticələri ilə bağlı sorğular hazırda namizədlərin bərabər irəlilədiyini göstərir.

Mövzuya görə xəbərlər