Bakı. TurkicWorld:
Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir və bunu başqa cür edir.
TurkicWorld xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Fransadan Ermənistana hərbi texnikanın tədarükü ilə bağlı müqaviləni şərh edərkən deyib.
"Bu daha bir addımdır. Biz bu barədə danışmışıq və yenə də təsdiqini görürsünüz. Fransa rəhbərliyi nə Ermənistanın maraqlarını, nə də konkret xalqın maraqlarını rəhbər tutur. Paris mövcud fikir ayrılıqlarından, ölkələr daxilində və ya ölkələr arasında olan ziddiyyətlərdən öz fürsətçi məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır. Mən öz fürsətçi məqsədlərimlə təkcə Yelisey sarayının şəxsi maraqlarını deyil, həm də NATO ideologiyasının dirijoru kimi Fransanı nəzərdə tuturam. Düşünürəm ki, buna məhz belə yanaşmaq lazımdır", - o deyib.
Qeyd edək ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.
Ermənistan Fransa ilə "Caesar" özüyeriyən haubitsaların satın alınmasına dair müqavilə imzalayıb.
Xatırladaq ki, Papikyan bu ilin fevralında da Fransaya səfər etmişdi. Fevralın 23-də isə İrəvanda Parislə gələcək hərbi-texniki əməkdaşlığa dair sənədlər imzalanmışdı. Eyni məkanda oxşar müqavilələr 2023-cü ilin oktyabrında da bağlanıb.
(Tərcümə: Gülnarə Kərimova)