Bakı. TurkicWorld:
Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına hər zaman yardım etməyə hazırdır.
TurkicWorld-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün həftəlik brifinq zamanı deyib.
"Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir", - o əlavə edib.
Onun sözlərinə görə, regionda davamlı sülh və rifahın bərqərar olması üçün lazımi mexanizmlər mövcuddur.
"Bu, ilk növbədə, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər toplusudur. Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası da daxil olmaqla, həll yollarının tapılmasına hər zaman kömək etməyə hazırdır", - Zaxarova bildirib.
Qeyd edək ki, martın 7-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.