Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi olaraq sübut edib - Zaxarova

Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi olaraq sübut edib - Zaxarova

Bakı. TurkicWorld

Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi olaraq sübut edib.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün həftəlik brifinq zamanı deyib.

"Sonra Qərb peyda oldu. Qəzəbdən, qısqanclıqdan, burada sülhün bərqərar olacağı qorxusundan region ölkələrinə qarşı fəaliyyətə başladı", - Zaxarova qeyd edib.

O qeyd edib ki, Ermənistana gəlincə, hər bir suveren dövlətin öz baxışı var, yeganə sual ondan ibarətdir ki, bəzən Qərbin müdaxiləsi regionda artıq əldə edilmiş harmoniyanı pozur.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Aİ-ABŞ-Ermənistan görüşü keçirilib.

Görüşə, həmçinin, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də qatılıb.

Görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub. Brüssel və Vaşinqton İrəvan üçün müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar dəyərində kredit ayıracaqlarını vəd ediblər.